Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Quba rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar avqustun 2-də saat 13:45-də dörd nəfər (2 kişi, 2 azyaşlı) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara bədənin müxtəlif nahiyələrinin səthi travmaları və əzilmiş yaraları diaqnozları təyin edilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, müvafiq müayinələr aparılıb.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər dörd şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir.
Şükufə Süleymanlı
Quba rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Quba şəhərinin Əliqulu Nərimanov küçəsində baş verib.
İlkin məlumata görə, "Chevrolet" və "Ford" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan beş nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.