Ramazan ayı bütün müsəlman ölkələrinin sevinc və səbirsizliklə gözlədiyi mübarək ay hesab olunur. Ölkəmizdə də əksər insanlar bu ayda oruc tutur, savab əməllər görməyə çalışırlar. Ramazan yeganə aydır ki, hər kəs dünyəvi həvəsdən yavaşıyır, nəfslərinə hakim olmağa, iradələrini gücləndirməyə çalışır.
Bizim.Media deputatların Ramazan ayını necə keçirməkləri ilə maraqlanıb. Onlar xalqımızı Ramazan ayının gəlişi münasibətilə təbrik edərək, oruclu olub-olmadıqları haqda danışıblar.
Deputat Aqil Abbas səhhətində olan problemlərə görə, oruc tuta bilmədiyini bildirib:
“Oruc tutanlara böyük hörmətim var, amma mən özüm təəssüf ki, tuta bilmirəm. İllər öncə mən də oruc tuturdum, lakin hazırda nə səhhətim, nə də yaşım buna imkan vermir. Buna baxmayaraq, Ağcabədidə öz seçicilərim üçün iftar süfrəsi açacağam”.
Deputat Etibar Əliyev oruc tutanlara böyük rəğbət bəslədiyini qeyd edib, özü isə...
“İş rejimim və səhhətimlə bağlı olaraq oruc tuta bilmirəm. Dindar seçicilərimə iftar süfrəsi təşkil etməyi planlaşdırıram”, - deyə o bildirib.
Deputat Tahir Kərimli də səhhətində problemlər olduğunu söyləyib:
“Ailə üzvlərim oruc tutsa da, mən tuta bilmirəm. Çünki cərrahi əməliyyat keçirmişəm bu vəziyyətimlə oruclu qala bilmərəm. Lakin çalışıram ki, az yeyim, içim. Bacardığım qədər savab işlərlə məşğul olmağa, yardım etməyə çalışıram”.
Deputat Elman Nəsirov iş rejimi ilə əlaqədar olaraq oruc tuta bilmədiyini bildirib.
“İş rejimim elədir ki, nahar vaxtında da yeməyimi yeyə bilmirəm. Qida rejimim pozulub günorta yeməyim saat 4-5 ə qədər çəkir. Hərdən zarafatla deyirəm ki, mən deyəsən il boyu orucam. Ailə üzlərim arasında oruc tutanlar var. Seçicilərimə isə iftar süfrəsini artıq vermişəm”, - deyə qeyd edən deputat hər kəsi mübarək ay münasibəti ilə təbrik edib.
Rəylər