Daxili Qoşunların Baş İdarəsində qurumun yaranmasının növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak edib.
Ramil Usubov şəxsi heyəti salamlayaraq, əlamətdar hadisə münasibətilə onları təbrik edib, Şərəf kitabına ürək sözlərini yazıb.
Ramil Usubov bu ilin yayında Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunları zamanı şəxsi heyətin öz missiyasını layiqincə yerinə yetirməsi üçün bütün qüvvə və səylərini səfərbər edəcəyinə əminliyini bildirib.
Daha sonra xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya dövlət təltifləri və yeni hərbi rütbələrin poqonları təqdim edilib.
Təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.