"Bu gün dövlətlərin inkişafını müəyyən edən əsas amil təbii sərvətlər deyil, yüksək bilik, innovativ düşüncə və məsuliyyət hissinə malik kadr potensialıdır".
Oxu.Az xəbər verir ki, bunu altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O bildirib ki, rəqəmsal transformasiya, innovasiyalar, süni intellekt və insan kapitalına yönəlmiş islahatlar artıq dövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsinə çevrilib:
"Bu istiqamətdə görülən bütün işlərin əsas məqsədi ölkənin intellektual potensialını daha da gücləndirməkdir.
"Yüksəliş" müsabiqəsinin də məhz bu baxımdan çox böyük əhəmiyyəti var. Bu layihəni digər müsabiqə və proqramlardan fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, o, təkcə kadr potensialının formalaşdırılmasına xidmət etmir, eyni zamanda uzunmüddətli inkişaf strategiyasının mühüm platforması rolunu oynayır".
Ramin Məmmədov qeyd edib ki, süni intellektin və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə gənclərimiz, gələcəyin rəhbər kadrları fasiləsiz təhsili həyat tərzinə çevirməlidirlər:
"Onlar bilik və bacarıqlarını daim təkmilləşdirərək özlərini dövlətə, cəmiyyətə, özəl sektora və beynəlxalq mühitə daha peşəkar şəkildə təqdim etməlidirlər.
Gələcək fəaliyyətinizdə istifadə etdiyiniz alətlər istər süni intellekt texnologiyaları olsun, istərsə də ənənəvi yanaşmalar, əsas olan öz intellektinizi, analitik düşüncənizi və qərarvermə bacarığınızı daim inkişaf etdirməkdir. Texnologiya insanı əvəz etmək üçün deyil, onun imkanlarını daha da genişləndirmək üçündür".