Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ravvin Şneor Seqal: “Azərbaycanda dini etiqad azadlığı ilə bağlı problem yoxdur”
“Azərbaycanda dini etiqad azadlığı ilə bağlı problem yoxdur, nəinki azadlıq, həm də dəstək var”.
Bu barədə “Trend”ə Azərbaycandakı aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal deyib.
“Mən Azərbaycanda artıq 13 ildir ki, yaşayıram dini geyim geyinirəm və heç vaxt bununla bağlı qorxu və ya narahatlıq keçirməmişəm. Mən öz dinimin bütün qanunlarına görə yaşayıram. Azərbaycanda yəhudilər üçün hər bir şərait var. Ölkədə yəhudi icması var, sinaqoqlar fəaliyyət göstərir. Ölkədə yəhudi icmasının öz dininə etiqad etməsi üçün dövlət səviyyəsində dəstək göstərilir. Yəni bizə nəinki mane olmurlar, azadlıq var, həm də dəstək var. Biz dövlətə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, istənilən nazirliyə dini məsələlərlə bağlı müraciət etdikdə, onlar daim öz qapılarını bizim üzümüzə açır, bizimlə birlikdə əyləşir, bizi dinləyir və hər şeyin alınması, Azərbaycanın yəhudi icmasının yəhudi kanonlarına görə yaşaması üçün həll yolu tapmağa çalışırlar. Bizə dəstək göstərilir, bütün məsələlər üzrə kömək edilir. Bu təkcə dövlət siyasəti deyil, həm də Azərbaycan xalqının dəyərləridir”, - deyə o bildirib.
Şneor Seqal Azərbaycanda dini qaydalara necə tolerant şəkildə və hörmətlə yanaşıldığına dair bir neçə misal çəkib.
“Yəhudi qanununa görə, yəhudi mətbəxi iki hissəyə ayrılır: süd və ət hissəsi. Süd və ət məhsulları üçün ayrı qablar və qabyuyanlar olmalıdır. Mən Bakıda ilk dəfə mənzil kirayələyən zaman ev sahibinə bu barədə dedim. O dərhal mənim üçün hər bir şərait yaratdı və hətta məndən buna görə pul götürmək istəmirdi. Bu, Azərbaycan xalqının istənilən dinin nümayəndəsinə qarşı münasibətinin parlaq nümunəsidir. Biz yəhudilər olaraq bunu hiss edirik. Sukkot bayramı zamanı biz Azərbaycanda yaşadığımız yerdə çadır qura bilərik, halbuki digər ölkələrdəki ravvinlər bunun üçün sinaqoqa getməlidir. Bizə Azərbaycanda bu bayramı bütün qaydalarına görə tam şəkildə keçirməyə nəinki imkan yaradılır, həm də çadır qurmağa kömək edilir. Azərbaycanda doğulmuş yəhudilər də deyərdim ki, bu ölkədə özlərini rahat hiss edirlər”, - deyə o əlavə edib.
Rəylər