Bir müddət əvvəl səhhətində problem yaranan Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev süni tənəffüs aparatına qoşulub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun vəziyyətində hələlik müsbət irəliləyiş müşahidə olunmur.
Hazırda Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən Ehtiram Əliyevin vəziyyəti kritik stabil olaraq qiymətləndirilir.
Bununla yanaşı, son günlər onun səhhətində tədricən pisləşmə müşahidə olunur. Qanda oksigen saturasiyası 80 faizə qədər enib.
Analizlər götürülsə də, Milli Qəhrəmanın dəqiq diaqnozu hələ müəyyən edilməyib.
Xatırladaq ki, Ehtiram Əliyev oktyabrın 18-də "Yeni Klinika"nın Reanimasiya şöbəsinə yerləşdirilib. Orada ona xroniki ürək çatışmazlığı, ağciyər ödemi və anemiya diaqnozları qoyulub. Daha sonra müalicəsi həmin xəstəxananın Terapiya şöbəsində davam etdirilib.
Lakin vəziyyətinin daha da pisləşməsi, kəskin çəki itirməsi və davamlı qanaxması səbəbindən noyabrın əvvəlində müalicəsini davam etdirmək üçün Milli Onkologiya Mərkəzinə köçürülüb.
Xatırladaq ki, Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texnikumunu və "Təfəkkür" Universitetini bitirib.
1992-ci ilin iyunundan 1996-cı ilin avqustunadək hərbi xidmətdə olub. Cəbhənin Ağdam və Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə Vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə görə ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
E.Əliyev 1996-cı ildə ordudan tərxis olunub. 1997-1998-ci illərdə Bakının Sabunçu Rayon Polis İdarəsində işləyib. Daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.
Ailəlidir. Bir qızı, iki oğlu var.