Qan Turalı yazır...
Həyat getdikcə daha az zərif və kübar olmağa başlayıb. Yaşlı adamlar bundan şikayət etməkdə haqlıdır. Misal üçün, televiziyaları götürək. Televiziyalar reytinq əsasında çalışır və insanlar nəyə baxırsa, o cür verilişlər hazırlayırlar. Əlbəttə, indikindən daha yaxşı televiziyalara sahib olmalıyıq. Lakin bu vəziyyət ümumilikdə bəşəri bir durumdur.
Dediyim kimi, həyat getdikcə zərifliyini itirir. Misal üçün, Çempionlar Liqasının son final oyununda stadiona girən o yarıçılpaq qız...
Hansı ağıla, hansı məzhəbə qulluq edirdi? Verdiyi mesaj nə idi? Bəlkə, ekoloji böhrana diqqət çəkmək istəyirdi, ya da qadın hüquqlarına? Xeyr, əsla... Sadəcə, diqqət çəkmək istəyirdi. Onu da qazandı. İnsanlar və bəşəriyyət ona istədiyini verdi. Dövrümüzün standartı budur. O qız elə-belə deyil, dövrümüzün rol modelidir. Bir gecədə “Instagram”da iki milyon izləyici topladı.
Düzdür, “Instagram” sonra onun hesabını sildi. (Ümumiyyətlə, “Instagram” bu məsələlərdə həssaslıq göstərir, tezliklə hansı şəkil, ya da videonun nə qədər “like” aldığını yalnız o postun sahibi görəcək. Bununla da “Instagram” mənasız foto və şərhlərin önünü kəsməyi planlaşdırır). Fayda edəcəkmi? Çətin...
Amma dəyişən nədir? Kinsi Volanski artıq məşhurdur. Nə deyirdi Endi Uorhol? Bir gün hamı on beş dəqiqəlik məşhur olacaq. Sənətkar bunu sosial medianın, hətta internetin belə olmadığı zamanlarda demişdi və düha da elə bu uzaqgörənlikdədir. Əvvəllər kimlər idi məşhur olanlar? Aktrisalar, müğənnilər, rok ulduzları... İndi kimlər məşhurdur?
Baxın, heç bir məziyyəti olmayan “Youtuber”lər artıq dünyada məşhurdur. Aktrisa rol oynayır, müğənni mahnı oxuyur, lakin onlar nə təqdim edir? Bir gün sonra heç kimə lazım olmayacaq videolar... Vəssalam... On beş dəqiqəlik məşhurluq... Getdikcə daha az mənəviyyat haqda düşünürük. Daha az ədəbiyyat haqqında, incəsənət haqqında danışırıq. Çünki bir epidemiya kimi bayağılıq taxta çıxır. Bu, qlobal bir prosesdir. İnsanlar artıq inkişaf etmək istəmirlər.
Vaynerlərə baxan adam nə inkişaf edə bilər? O vayner də onun özü ağıldadır. Özü savaddadır. Rəsulla Xanaya baxan adamın hansı inkişafından danışmaq olar? Dünyanın işığı getdikcə daha da azalır, öləziyir... Ledi Qaqaların dünyasında Kafkalar artıq görünür.
Daha heç kim ruhunun qayğısına qalmır. Daha heç kim tənhalığa çəkilib özü haqda, həyat haqda düşünmür. Şair demiş, heç kim heç kimin üzünü bir dəqiqə belə görmək üçün saatlarla parkda oturub gözləmir.
Həyatımız elə bir mərhələyə gəlib ki, saxta ilə gerçəyi bir-birindən ayırmaq çətinləşib. Elmin, texnologiyanın, incəsənətin bu qədər inkişaf etdiyi bir zamanda bütün bu bəşəri sərvətlər göyə sovrulur. Nadanlığın səltənəti qurulur.
Artıq orta statistik düşüncə dominant olmağa başlayıb. Və dövrün ruhu heç bir zaman olmadığı qədər ucuz və bayağıdır. Həyat daha az zərif və daha çox kobud olmağa başlayıb.