Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 22.11.2013 tarixli, 77 nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək Tədbirlər Planı hazırlanıb.
Oxu.Az xəbər verir ki, Tədbirlər Planına əsasən mədəniyyət ocaqlarında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirləri keçirilir.
Yubileylə əlaqədar 31 yanvar 2014-cü il tarixdə, saat 11:00-da Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidənin önündə mərasim təşkil olunacaq, saat 19:00-da isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.
M.Ə.Rəsulzadənin məzarının ziyarəti və yubiley tədbirində iştirak məqsədilə Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri nəzərdə tutulub.