Dünən, noyabrın 1-də, saat 15:30 radələrində Moskva vilayətinin Zelenoqrad şəhərinin 12 saylı avtobusunda milliyətcə azərbaycanlı olan 14 yaşlı əlil oğlan döyülüb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə “Zelenoqrad24”ün redaksiyasına hadisə şahidi məlumat verib.
Qadın avtobusla gedərkən arxadan kiminsə söyüldüyünü eşidib. Geriyə dönən sərnişin görüb ki, 25 yaşlı gənc (o, qızla gedirmiş) məqsədli şəkildə münaqişə yaratmaq istəyərək, səliqəli geyimli, qeyri-slavyan görünüşlü 14 yaşlı oğlanın ünvanına bütün miqrantların Rusiyadan qovulmalı olduğunu, Rusiyada miqrantların ölkədən çıxarılması üzrə kampaniyanın aparıldığı barədə sözlər deyib, məktəblini söyərək, onu “çurka” adlandırıb.
Cavabında oğlan bunun belə olmadığını deyərək, heç bir söyüşə yol verməyib. Sonradan məlum olub ki, yeniyetmə ailəsi 10 ildir ki, Zelenoqradda yaşayan azərbaycanlıdır. Bundan başqa, o, əlildir və korreksiya məktəbini ziyarət edir.
Bəzi sərnişinlər, o cümlədən də bir qadın yeniyetməni müdafiə edərək, kişini sakit olmağa səsləyiblər, lakin o, qulaq asmayıb. Sonra həmin qadın avtobusu tərk edib və oğlandan cavab reaksiyası almayan kişi yeniyetməni döyməyə başlayıb. Oturaq vəziyyətdə olan yeniyetmə isə qaçmaq və ya zərbələrdən yayınmaq imkanına malik olmayıb.
Kişini həbs ediblər. Lakin o, millətlərarası zəmində cinayət törətdiyinə görə həbs oluna biləcəyini görüb polislə “razılığa” gəlməyə, həmçinin döyülmüş yeniyetmə ilə barışmağa cəhd edib.
Xəsarət alanı baş beyinin zədələnməsi gümanı ilə Tuşinodakı xəstəxanaya aparıblar. Sonradan məlum olub ki, uşağı Morozov adına uşaq klinik xəstəxanasına aparıblar, yeniyetmənin gözləri ciddi xəsarət alıb.
Şahidlər deyirlər ki, yeniyetmə qan içində olub, cinayətkar onun başından və qarnından vurub.
Hadisə şahidləri o qədər də çox deyil: bu əhvalatı danışan qadın və avtobusda olan daha bir moskvalı pensioner. Azərbaycanlı oğlan iki yeniyetmə dostu ilə birlikdə gedirmiş. Lakin onlar şahid ifadələri verməyiblər, çünki hadisə zamanı valideynləri yanlarında olmayıb.