Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhəri yaxınlığında qanunsuz ağac kəsən üç Azərbaycan vətəndaşına hökm oxunub.
Veved.ru xəbər verir ki, Leninski Rayon Məhkəməsi Prigorodnı rayonunun üç sakinini xüsusilə böyük ölçüdə ərazidə qanunsuz ağac kəsdiyinə görə mühakimə edib.
Məhkəmənin mətbuat xidmətindən bildirilir ki, onlardan ikisinə iki il müddətinə şərti cəza verilib, üçüncüsü isə narkotik ticarətində təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını xüsusi rejimli cəzaçəkmə müssisəsində çəkəcək.
Bundan əlavə, onlar meşə fonduna 5,5 milyon rubl məbləğində dəyən maddi ziyanı ödəyiblər.
Azərbaycanlılar 2019-cu il iyulun 30-dan 31-nə keçən gecə, Rusiya Federasiyasının Nijni-Taqil Daxili İşlər Nazirliyinin polis əməkdaşları və meşəbəyilərin birgə əməkdaşlığı zamanı saxlanıblar.
Məlum olub ki, həmin şəxslər bir həftə ərzində ümumi həcmi 213,6 kubmetr olan ərazidə onlarla çinar ağacını kəsiblər.