2023-cü ilin martın 29-da Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib.
Yeni qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Yeni qərar nəticəsində ölkəyə indiyədək gətirilməsi mümkün olan köhnə avtomobillər gətirilə bilməyəcək. Belə ki, indiyədək Azərbaycana 2006-cı ilin yanvarın 1-dən sonra istehsal olunan avtomobillər gətirilə bilərdisə, bu il yalnız 2013-cü ildə buraxılan maşınlar gətiriləcək, gələn ildən isə bu tarix müvafiq qaydada dəyişəcək.
Qərar aprel ayından qüvvəyə minib. Aprel ayında maşın bazarında bir qədər durğunluq müşahidə olunub. Lakin aprelin durğunluğunu may ayı üstələyib. May ayında maşın bazarında aktivlik müşahidə olunduğu iddia edilir.
Oxu.Az-ın əməkdaşları vəziyyəti araşdırmaq üçün Bakının Badamdar qəsəbəsində yerləşən maşın bazarına - Avtomobil Satışı Mərkəzinə baş çəkiblər.
Badamdarda yerləşən, paytaxtın ən böyük avtomobil bazarına daxil oluruq. İlk gözə dəyən bazarda satışa çıxarılan maşınların çoxluğu olur. Lakin görünən odur ki, burada hər zövqə uyğun avtomobil tapmaq mümkündür.
Diqqətimizi ilk çəkən məqam bazarda olan durğunluq idi. İnsan axını hələ yoxdur. Maşın bazarına adətən həftənin bazar günü səhər saatlarında daha çox axın olur. Lakin indi əksi ilə qarşılaşırıq. Bəlkə də havanın çox isti olması insan sayına təsir göstərir.
Öncə ümumi vəziyyəti müşahidə edirik. Bazar haqqında bir qədər məlumat almaq üçün ətrafı gəzirik. Ətraf səssizliyə qərq olub. Sükutu isə satıcılar pozurlar. Bir neçə avtomobil satıcısı öz aralarında söhbət edirlər. Biz onlara yaxınlaşıb, hal-əhval tuturuq. Onlara yaxınlaşan kimi ilk narazılıqlarını dilə gətirirlər. Aydın məsələdir ki, alıcılıq qabiliyyəti onları qane etmir.
İlk sözə başlayan satıcı İlqar İbrahimov qiymətlərin aşağı düşdüyünü söyləyir:
“Gündəlik bazardayam. Qiymət qalxmaq söhbəti yoxdur. Bundan öncəki qanuna görə, bazara xeyli sayda maşın gətirdilər. Yetərincə maşın var. Bu səbəbdən də qiymət aşağı enib. Bütün maşınların alveri dayanıb. Müştəri 17 min manatlıq maşını 13 min manata əldə etmək istəyir. Bəzən satıcılar əlacsızlıqdan buna razı olurlar. 2006-cı ildən bu işlə məşğulam. Son bir aydır ki, vəziyyət çöküb. İcarəni verməkdə belə çətinlik çəkirik”.
İ.İbrahimov köhnə avtomobillərin daha çox satıldığını qeyd edir:
“Köhnə maşınlar daha çox satılır. O da qiymətinə görədir. 1997-1998-ci illərin istehsalı olan “Çeşka” və “Yeşka” adlanan “Mercedes”lər daha çox satılır. İnsanların nəyə gücü çatırsa, onu da alırlar. Ötən ay yaxşı oldu. İnsanlar düşündü ki, maşınların qiyməti qalxacaq ona görə, gəlib aldılar. Əksinə qiymətlərdə artım olmadı. Xaricdən gətirilən avtomobillərə məhdudiyyət tətbiq olunduqdan sonra vəziyyət pisləşdi. Qanun çıxan kimi yaxşı satış oldu. Hər kəs tez aldı ki, sonra məhdudiyyət olacaq. İndi durğunluqdur. “Toyota Corolla”nın qiyməti bahalaşıb. Onlar keyfiyyətlidir. “KIA Ceed”, “Hyundai i30”un qiyməti ucuzlaşıb.
Avtomobil satılarkən maşının icbari sığortasına xitam vermək təklif olunur. Düşünürəm ki, bu mütləqdir. Sığortanın dəyişilməyi mütləqdir. Bəzi müştərilər qəbul etmir. Bazar günüdür. Lakin alıcı yoxdur. Satan baha satmaq, alan da ucuz almaq istəyir. Bu, bazarın qanunudur”.
Söhbətimizi tamamlayırdıq ki, digər satıcılardan biri “Toyota Prius” satmağa qorxduğunu əlavə edir. Səbəb olaraq həmin avtomobilin sığorta edilmədiyini deyir.
Satıcılardan digəri - Arif İbrahimov avtomobillərin qiymətin qalxdığını söyləyir:
“Bunu hər kəs bilir. Ötən il bu vaxtlar normal idi. Alıcı əlindən tərpənmək olmurdu. İndi isə acınacaqlıdır. İnsanlarda pul yoxdur. Qiymət qalxır, lakin alver yoxdur”.
Daimi satıcılarla söhbəti yekunlaşdırmışdıq ki, öz şəxsi avtomobilini satmaq üçün bazara üz tutan şəxslə rastlaşırıq. Bizi görən kimi artıq üçüncü dəfə gəldiyini deyir.
Şəxsi maşınını satmağa gələn Vüsal Qafarov alıcılığın aşağı olduğundan şikayətlənir:
“Bazarda satıcı çox, alıcı azdır. Satan baha satmaq istəyir, alan isə ucuz almaq. Köhnə avtomobillərin qiyməti qalxdı. 2002-ci ilin “KIA Rio”sunu 5 min manata satıram. Qiymətlər çox qalxıb. 12-13 min manata olanlar indi 15-16 min manat təşkil edir. Qiymətlər qalxsa belə, mən köhnə markalı maşınımı 9-12 minə sata bilməzdim”.
V.Qafarov köhnə avtomobillərdən VAZ-ların daha çox satıldığını bildirir:
“Maşını satarkən və ya alarkən alqı-satqı müqaviləsi etmək məsləhətdir. Etibarnamə ilə olmasın. Köhnə markalı maşınlardan VAZ-lar daha çox satılır. Nə qədər köhnə də olsa, alınıb, satılır. VAZ-ların qiymətlərində ucuzlaşma var”.
Ətrafa yenidən nəzər yetiririk kənarda “Niva” markalı avtomobillər görürük. Məlum olur ki, sahibi tərəfindən satılır. Qiyməti isə 11-19 min manat civarındadır. Digər bir yanda isə yeni “Toyota Prius” maşınını görürük. Görünüşünə görə, digərlərindən çox fərqlənirdi. 20 min manata satışa qoyulduğu iddia olunurdu.
Avtomobillərin markalarına görə qiymətləri ilə tanış olurduq ki, kənarda alıcı görürük. O, öz övladına maşın almaq istəyir, lakin qiymətlər onu qane etmir. Deyəsən, övladının arzusunu gerçəkləşdirə bilmir.
Bazarda diqqətimizi çəkən digər bir məqam xanım satıcının olması idi. Məlum olur ki, şəxsi avtomobilini satmaq üçün buraya üz tutub. Lakin müştərilərin təklifi onu qane etmədiyi üçün maşınını sata bilmir.
Satıcılardan digəri Aqil Cəfərov may ayında daha çox artım olduğunu deyir:
“Qiymətlərdə artım var. 7 ildir bu işin içindəyəm. “Chevrolet Cruze”un qiyməti aşağı düşüb. “Elentra”nın qiymətində də fərq var. “Nissan”ın ən ucuzu bizdədir. Alıcılıq salondakından bir qədər çoxdur. Ötən il zəif idi. Bu il artım var.
Pandemiya vaxtı çox maşın satırdıq. İndi isə elə deyil. 2012-2013-cü ilin “Mercedes”i ucuzdur. Maşın çoxdur. Bazara giriş yoxdur. Yer dolub. Keçən ilə nisbətən 50 faiz dəyişiklik var. Alıcılıq azalıb. İrihəcmli motorları olan maşınların qiymətlərində də ucuzlaşma var”.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər