Son günlər mətbuatda dünyanın sonunun gələcəyi yeni tarixlə bağlı müzakirələr genişlənib.
Oxu.Az xəbər verir ki, Rusiya mətbuatında daha çox 100 il əvvəl dünyadan köçmüş Qriqori Rasputinin 23 avqust 2013-cü ildə dünyanın sonunun çatacağı, Günəşdə baş verən partlayışın Yer kürəsində bütün canlıları məhv edəcəyi barədə proqnozlarına əsaslanırlar.
Bu məsələ ilə bağlı ekspert rəyini öyrənmək üçün Azərbaycanın N.Tusi adına Şamaxı rəsədxanasının Günəş fizikası və Günəş-Yer əlaqələri şöbəsinin rəhbəri Namiq Cəlilova müraciət etdik.
Namiq Cəlilovun sözlərinə görə, hazırda Günəş aktivliyinin pik nöqtəsindədir.
“NASA (ABŞ-ın Milli Aerokosmik Agentliyi) Günəşin orbitinə 2 süni peyk buraxıblar. Həmin peyklər onun ətrafında dövr edərək yerə müntəzəm məlumatlar göndərirlər. Doğrudur, hazırda Günəşdə aktivlik maksimumdur, həqiqətən də alışmalar olur. Lakin nəzərə almaq lazımdır ki, Günəşlə Yerin arasında məsafə 150 milyon km təşkil edir. Ulduzda baş verən partlayışlar nadir hallarda yerə tuşlanmış olur”.
Alim qeyd edib ki, NASA-nın saytında hazırda Günəşdə baş verən proseslər barədə geniş materiallar yerləşdirilib:
“Günəşdə güclü alışma olanda, plazma kütlələri adətən 3-4 günə Yer kürəsinə gəlib çatır. Əgər avqustun 23-də dünyanın sonu çatacaqdırsa, o zaman artıq 3-4 gün əvvəl – avqustun 19-20-də Günəşdə güclü partlayışlar olmalı idi. Amma belə bir şey yoxdur”.
N.Cəlilov həmçinin Rusiyanın özünün Lebedev adına Fizika İnstitutunun Günəşdə baş verən proseslər, maqnit qasırğaları ilə bağlı onlayn proqnozlar verdiyini vurğulayıb:
“Onların da rəsmi saytlarında bütün proqnozlar, Günəşin və ulduzdakı ləkələrin son şəkilləri yerləşdirilir”.
Lakin ekspert Günəşdə çox güclü partlayışın baş verə biləcəyi ehtimalının maksimum olduğunu vurğulayıb:
“Düzdür, bu partlayışın törədəcəyi və Yer kürəsinə ciddi zərər vura biləcək plazma kütləsinin Yerə düşməsi ehtimalı çox nadir hadisədir. Planetimizin maqnit sahəsi bizi müdafiə edir, Günəşdə zəif partlayışlar olduqda, plazma kütlələri atmosferə daxil olur, qütb partıltısı kimi özünü göstərir. Əgər güclü plazma kütləsi Yer atmosferinə daxil olarsa, o zaman bütün rabitə əlaqələri, elektrik enerjisi kəsilə bilər. Belə hadisə artıq bir dəfə baş verib – bu, 1859-cu ildə olub, bütün planetdə elektrik enerjisi istehsalı dayanıb”.
N.Cəlilov onu da əlavə edib ki, hazırda Günəş aktivliyinin 11 illik dövrünün pik nöqtəsində olsa da, aktivliyin özünün amplitudası çox aşağıdır, azalmağa doğru gedir.
Qeyd edək ki, 1859-cu ildə baş vermiş geomaqnit qasırğası tarixdə müşahidə olunmuş ən güclü geomaqnit qasırğadır. Həmin ildə, avqustun 28-dən sentyabrın 2-dək Günəşdə çoxsaylı ləkə və partlayışlar müşahidə olunub. Sentyabrın 1-də baş verən güclü partlayış cəmi 18 saatdan sonra yerə çatıb. Adətən belə kütlələr yerə 3-4 günə gəlib çatsa da, həmin ildə baş verən kiçik partlayışlar onun yolunu təmizləyiblərmiş.
Sentyabrın 1-2-də Yerdə ən böyük geomaqnit qasırğası başladı. Avropa və Şimali Afrikada teleqraf sistemləri sıradan çıxdı.
Mövzu ilə əlaqədar: http://www.oxu.az/society/3320