"Abituriyent" jurnalının pirat nüsxələrini ölkəyə gətirən şəxslərin məhkəmə prosesi təxirə salınıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, iddiaçı tərəf Dövlət İmtahan Mərkəzidir (DİM).
Gəncə şəhər Kəpəz rayon Məhkəməsində keçirilən prosesin təxirə salınmasına səbəb təqsirləndirilən şəxslərin vəkil istəməsidir.
Növbəti proses sentyabrın 24-də keçiriləcək.
DİM-in vəkili Əkbər Bağırov Oxu.Az-a bildirib ki, iddiaçı tərəfin məhkəmə tələbi Tağıyev Məhəmməd İntiqam oğlu və Qorçuyev Rəfail Davut oğlu tərəfindən vurulan ziyanın qarşılığında kompensasiyanın ödənilməsini təmin etmək və gələcəkdə pozulan hüquqlarının qarşısını almaqdır.
Xatırladaq ki, 2018-ci ilin yanvarında Gəncə Gömrük İdarəsi tərəfindən Tağıyev Məhəmməd İntiqam oğlu və Qorçuyev Rəfail Davut oğlu saxlanılıb. Baxış zamanı onların avtomobilindən Türkiyədə hazırlanan "Abituriyent" jurnalının saxta nüsxələri aşkar edilib.
Adıçəkilən şəxslər barəsində Cinayət Məcəlləsinin 12.1, 165.2.2, 29.1 və 165.2-ci maddələri ilə cinayət işi açılıb.
Nazir Quliyev