Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Səfir: “Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana yola düşüblər” - YENİLƏNİB + FOTO
Ukraynalı uşaqlardan ibarət yeni qrup reabilitasiya üçün Azərbaycana yola düşüb.
Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev sosial şəbəkə hesabında paylaşım edib.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ukraynalı uşaqlardan ibarət yeni qrup reabilitasiya üçün Azərbaycana yola düşüb. Yaxın iki həftə ərzində onları Bakıda əyləncəli və zəngin mədəni proqram, həmçinin Qəbələ, Şəki və Şamaxı kimi rayonlara ekskursiya turları gözləyir. Azərbaycana xoş gəlmisiniz!”, - səfir qeyd edib.
New group of Ukrainian children departed to Azerbaijan for rehabilitation organized by @sosial_gov_az 🇦🇿. Leisure and rich cultural programme in Baku & sightseeing tours to regions such as Gabala, Shaki and Shamakhy awaits them during next two weeks. Welcome to Azerbaijan! 🇦🇿🇺🇦 pic.twitter.com/vkJhZO5rRE
— Seymur Mardaliyev (@SMardaliyev) August 3, 2023
03.08.2023, 22:48
Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk Ukraynadan Azərbaycana istirahətə gedən ukraynalı hərbçilərin övladlarının ilk qrupunu yola salıb.
Ukrayna Ali Radasından AZƏRTAC-a verilən məlumata görə, valideynləri hazırda cəbhədə olan, o cümlədən Ukraynanın həlak olmuş hərbçilərinin uşaqları da daxil olmaqla, Kiyevdən Bakıya 30 uşaq yola düşüb. İki həftə ərzində onları zəngin istirahət proqramı, ölkə ilə tanışlıq və psixoloji reabilitasiya gözləyir.
“Hazırda bu uşaqların ən çox ehtiyacı olan şey budur - diqqət, qayğı, daha çox gülümsəmək. Birinci qrup uşaqlar getdi. Bu il daha ikincisi olacaq. Biz, həmçinin Azərbaycanda Ukrayna hərbçilərinin reabilitasiyası və protezləşdirilməsi üzrə kompleks proqramın işə salınmasına hazırlaşırıq”, - deyə Olena Kondratyuk bildirib.
Vitse-spiker qeyd edib ki, Azərbaycan Ukraynanın dost və strateji tərəfdaşıdır, ona görə də valideynlər, qohumlar və müşayiətçilər narahat olmasın.
“Onlar bizi yaxşı başa düşürlər və müharibə uşaqları ilə işləməkdə böyük təcrübəyə malikdirlər. Uşaqlara xoş istirahətlər, həmyaşıdları ilə dostluq etmək, yeni bir şey kəşf etmək və sadəcə, yaxşı vaxt keçirməyi və müsbət emosiyalar qazanmağı arzulayıram!” - deyə Ali Radanın müavini vurğulayıb.