Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəhid anası: "Kaş heç nəyim olmayaydı, təki oğlum sağ olaydı"
Baku TV-də Vətən müharibəsi şəhidi Daşqın Ağayev haqqında reportaj yayımlanıb.
44 günlük Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Daşqın Ağayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Oğlu ilə bağlı xatirələrindən söz açan şəhidin anası Naridə Ağayevanın sözlərinə görə, Daşqın Ağayev işini çox sevirdi:
"Uşaqlıqda dəcəl idi və yoldaşlarından fərqlənirdi. Elə bil ki, Allah onun işlərini hər yerdə düzəldirdi. Uşaq yaşlarından deyirdi ki, böyüyəndə ya hərbçi olacağam, ya da çoban. Hərbi xidmətini Tovuzda başa vurdu. Daha sonra onu hərbiyə işə çağırdılar. Oğluma çox dedim ki, işdən çıxsın. O isə razı olmadı. Dedi ki, yox, mənim sevdiyim sənət budur".
Şəhidin anası oğlunun müharibəyə getməyindən xəbərlərinin olmadığını söyləyib:
"Artıq müharibəyə gedəndən sonra zəng edib bizə xəbər verdi. Oktyabrın 20-21-dən sonra onunla əlaqəmiz kəsildi. Axırıncı dəfə mənimlə danışanda dedi ki, Zəngilanı almışıq. Sonra onu axtarışa verdik, amma tapa bilmədik. Sən demə, neytral ərazidə olublar. Müharibə bitəndən sonra komandirləri onu və digər iki döyüş yoldaşını tapdı. Atası da hospitallara onu axtarmağa getmişdi, amma meyitlərin içindən tapa bilmədi. Noyabrın 17-si oğlumu gətirdilər. Həmin gün güclü yağış yağırdı. Daşqın anadan olanda da, toyunda da leysan yağmışdı".
Naridə Ağayeva oğlunun şəhid olacağını ağlına belə gətirmədiyini söyləyib:
"Oğlum itkin düşəndə mənə Pirşağıdan bir nömrə verdilər ki, onlara zəng edib Daşqının yerini öyrənim. Oradan mənə dedilər ki, oğlum və iki döyüş yoldaşı eyni istiqamətə gedərək itkin düşüblər. Həmin vaxt canıma düşən qorxu indi də məndən əl çəkmir, vahimə basır məni. Kaş heç nəyim olmayaydı, təki oğlum sağ olaydı".
Ətraflı süjetdə:
"Baku TV" teqi üzrə xəbərlər
- Yeni ilin qeyd edilməsinə kimlər mane olurdu? - Sarsılmayan adət-ənənələr
- Hər an ölümlə üz-üzə: Donbasda faciələrə məruz qalan azərbaycanlılar
- İsrail-Suriya sərhədində su müharibəsi: 1948-dən bu günədək bitməyən mübarizə
- Ukrayna hərbçiləri döyüşlərin gedişatından DANIŞDILAR
- Yol kənarındakı ağaclar təhlükə yaradır: Qurumuş budaqlar niyə budanmır?
Rəylər