İyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhə xəttində atışma zamanı yaralanan, dünən dünyasını dəyişən əsgər Anar Vidadi oğlu Qafarzadə bu gün doğulduğu Biləsuvar rayonunda dəfn edilib.
Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü şəhid əsgər doğulduğu Nərimankənd kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində kənd sakinləri ilə yanaşı Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra strukturları və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Şəhidin dəfnindən əvvəl baş tutan mitinqdə Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, Biləsuvar Rayon İcra Hakimiyyətinin birinci müavini Xanlar Məmmədov və digərləri çıxış edərək, Anar Qafarzadənin şücaətindən, şəhidliyin müqəddəsliyindən və düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad olacağından söz açıblar.
Şəhid dəfn olunduqdan sonra yaylım atəşi açılıb.
Qeyd edək ki, iki gün öncə cəbhədə şəhid olmuş 37 yaşlı gizir Pərvin Əliyev və 28 yaşlı kiçik gizir Rahil Hüseynov Nərimankənd kəndində torpağa tapşırılıb.
10:34
Azərbaycan Ordusunun son günlər cəbhədə verdiyi itkilərin sayı 13-ə çatıb.
Oxu.Az xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, iyulun 31-dən avqustun 1-ə keçən gecə düşmənin hücumunu dəf edərkən yaralanan hərbçilərdən biri, 1996-cı il təvəllüdlü Anar Vidadi oğlu Qarazadə hərbi hospitalda dünyasını dəyişib.
A.Qarazadə Biləsuvar rayonunda həqiqi hərbi xidmətə çağırılıb. Onun meyiti doğulduğu Biləsuvar rayonuna aparılıb.
Şəhid hərbiçi bu gün torpağa tapşırılacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunu xilas etmək mümkün olmayıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!