“İrimiqyaslı koronavirus epidemiyasının qarşısının alınması üçün heç bir ölkənin səhiyyəsi hazır deyildi. Xəstəlik çox hallarda yüngül və simptomsuz keçir. 20 faiz hallarda oksigen, beş faiz hallarda isə ağciyərlərin süni terapiyası tətbiq edilir.
Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tibb işçiləri işlərini adi rejimdə davam etdirəcəklər:
“65 yaşdan yuxarı tibb işçiləri vəzifə borcunu yerinə yetirəcək. Xüsusi karantin rejimində 65 yaş tək və tənha insanlar üçün nəzərdə tutulub”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda qərarına əsasən, Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.
Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən, xidmətlərin göstərilməsi təmin edilməlidir.
İlhamə Əbülfət