Azərbaycanda transplantasiya əməliyyatları Səhiyyə Nazirliyinin ciddi nəzarəti altında həyata keçirilir.
Hər bir orqan köçürmə əməliyyatı bir neçə ay öncədən hazırlanır və Səhiyyə Nazirliyinə məlumat verilir. Əməliyyatların hamısına Səhiyyə Nazirliyi nəinki birbaşa nəzarət edir, həm də əməliyyatdan sonra da xəstələr daima nəzarətdə olur və Nazirlik onları pulsuz dərmanla təmin edir.
Oxu.Az-a bu barədə Səhiyyə Nazirliyinin Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda orqan köçürülmə əməliyyatlarının hamısı yaxın qohumlardan olur.
“Bizim klinikada böyrəkköçürmə şöbəsi 2011-ci ildə yaradılıb. O vaxtdan bu günə qədər 50-yə yaxın böyrəkköçürmə əməliyyatı həyata keçirilib. Onların hamısı Səhiyyə Nazirliyinin ciddi nəzarəti altında həyata keçirilib və əməliyyat olunanların hamısı Azərbaycan vətəndaşlarıdır.
Bizdə bir nəfər də olsun xarici vətəndaş əməliyyat olunmayıb. Xarici vətəndaş nəinki əməliyyat olunmayıb, heç müraciət də etməyib. Klinikamızda hər hansı bir qanunsuz əməliyyatın keçirilməsindən söhbət belə gedə bilməz”, - şöbə müdiri bildirib.
Şahlar Nəsirov bildirib ki, qanuna əsasən, ölkədə orqan alışı-satışı cinayət məsuliyyətidir.
“Donor kimi könüllü olaraq yaxın qohumlardan istifadə olunur. Qohum olmayan adamların da donor olması mümkündür, lakin həmin adamlar orqanlarını nə məqsədlə hədiyyə etmələri barədə müvafiq qurumlardan sənəd təqdim etməlidirlər. Kənar qohum olmayan adamların orqan verməsi qadağandır”, - o deyib.
Şöbə müdiri qeyd edib ki, sağlığı dövründə orqanlarını hədiyyə kimi vəsiyyət edə bilən insanlar ola bilər.
“Əgər bir şəxs avtomobil qəzası keçirəndə onda beyin ölümü müəyyən olunarsa, bu insanların orqanlarından istifadə etmək üçün həmin şəxsin həyatda olarkən icazə vermək hüququ var. Amma qanunda eyni zamanda da deyilir ki, buna baxmayaraq, əgər belə bir vəziyyət yaranarsa, yenə də yaxın qohumların icazəsi lazım olacaq”, - Ş. Nəsirov əlavə edib.
Cəmilə Babayeva