"Sertifikasiyada uğur qazana bilməyən 800-ə yaxın müəllim işdən kənarlaşdırılıb".
"Trend" xəbər verir ki, bu barədə bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, son 1 il ərzində həmin müəllimlər tədris prosesindən uzaqlaşdırılıb.
"2026-cı ilə qədər sertifikasiya imtahanının əhatə dairəsi genişləndiriləcək. Sözügedən ildə ilk sertifikasiya imtahanı verən müəllimlər də yenidən imtahana cəlb ediləcək.
Yüksək nəticə göstərən 8 minə yaxın müəllimin maaşı 1300 manata yaxındır", - deyə o bildirib.
Qeyd edək ki, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.
İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.