Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Son günlər bəzi dərmanlar NİYƏ TAPILMIR? - AÇIQLAMA
Son günlər bəzi dərman vasitələrinin əczaxanalarda tapılmasında çətinlik müşahidə edilir.
Bu barədə Oxu.Az-a vətəndaşlar müraciət ediblər.
Onların iddiasına görə, xüsusilə faydalı dərmanlar satışdan çıxarılır. Məsələn, "Femara", "Ventolin", "Salbutamol", "Fenkarol" və sair.
Maraqlıdır, görəsən, son zamanlar ölkəyə hansı dərmanlar gətirilmir? Dərman təminatını kimlər həyata keçirirlər?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə əsasən, Səhiyyə Nazirliyi və onun qurumları ölkəyə dərman idxalı ilə məşğul olmur, yalnız gətirilənlərin keyfiyyətini yoxlayıb, idxal icazəsi verir.
Məlumatda qeyd olunub ki, dərman təminatı özəl şirkətlər tərəfindən həyata keçirilir:
"Femara" dərman vasitəsi son olaraq ölkəyə 3 və 5 mart 2025-ci il tarixlərində idxal edilib. Həmin tarixlərdə 1 100 və 2 093 qutu dərman gətirilib.
"Salbutamol"un suspenziya və aerozol şəklində idxalı üçün 26 noyabr 2024-cü il və 13 fevral 2025-ci ildə müraciət edilib. Müvafiq olaraq 50 966 və 38 293 qutu idxal edilib.
"Fenkarol" dərman vasitəsi üçün isə təkcə 2025-ci il ərzində 21.01 - 28.02 tarixləri arasında beş dəfə idxal müraciəti qəbul edilib və ümumilikdə 2 796 qutu idxal edilib.
"Ventolin" dərman vasitəsi üçün isə son dövrlərdə idxal müraciəti olmayıb. Lakin müalicə həkiminin məsləhəti ilə onun "Salbutamol" dərman vasitəsi ilə əvəz edilməsi mümkündür.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".
Məhərrəm Əliyev