Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sumqayıtda ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən şəxslə bağlı yeni TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO
Sumqayıtda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən qətl törətməkdə şübhəli bilinən şəxsin müharibə iştirakçısı olduğu deyilir.
İlkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması da müəyyənləşib.
Bu barədə “Qafqazinfo”ya məlumat verilib.
İddia edilib ki, o, tez-tez valideynlərindən pul tələb edirmiş və buna görə də evdə dava salırmış. Aprelin 8-də isə Fikrət yaşadığı binanın qarşısında uşaqlıq dostu ilə pula görə dalaşıb. Həmin vaxt hadisə yerinin yaxınlığında olan polislər Fikrəti saxlamaq istəyərkən o, müqavimət göstərib.
Həmin gün saxlanılan Fikrət Məmmədovun barəsində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə protokol tərtib edilib. Sumqayıt Şəhər Məhkəməsi Fikrəti törətdiyi əmələ görə 150 manat məbləğində cərimə edərək sərbəst buraxıb.
Gecə törədilmiş qətl hadisəsinin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə isə araşdırmalar davam etdirilir.
10:10
Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb.
Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb.
Baku TV-yə danışan qonşu qadın isə Fikrətin mehriban və sakit insan olduğunu bildirib:
“Ailəliklə mehriban adamlar idi. Biz ancaq “Kömək elə!” səsini eşitdik. Amma gələndə gec idi”.
Daha ətraflı süjetdə:
08:00
Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
06:42
Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər.
Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Fikrət Hakim oğlu Məmmədov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər