Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində məişət tullantılarının qalaqlanması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, baxımsızlıq səbəbindən ərazidə antisanitar vəziyyət yaranıb, tullantıların vaxtında daşınmaması isə ətraf mühitə mənfi təsir göstərir.
Sakinlərin sözlərinə görə, problem xeyli zamandır davam edir.
"İllərdir ki, bu ərazidə vəziyyət belə acınacaqlıdır. Əraziyə nəzarət edən yoxdur", - deyə şikayətdə qeyd olunub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ərazidə yerləşən küçələrdən birində kanalizasiya xəttində qəza baş verib:
"Eyni zamanda yağan intensiv yağışlar səbəbindən əraziyə su dolması müşahidə olunduğu üçün tullantıların daşınması prosesində qısa müddətli gecikmə yaranıb. Aidiyyəti xidmətlər tərəfindən operativ şəkildə tədbirlər görülüb, ərazidə suyun çəkilməsi təmin edilib və toplanmış tullantılar tam şəkildə ərazidən yığışdırılıb. Hazırda ərazi təmizdir".
