Sumqayıt şəhərində yolun yararsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Bildirilib ki, "Şərq bazarı"nın arxasında yerləşən yolda qazıntı işləri aparıldıqdan sonra ərazi əvvəlki vəziyyətinə qaytarılmayıb. Nəticədə küçə yararsız hala düşüb, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Sakinlərin sözlərinə görə, yol tikinti materiallarının olduğu ərazidən əsas küçəyə qədər bu vəziyyətdədir. Ərazidə aparılan qazıntılardan sonra burada nə asfaltlanma işi aparılıb, nə də digər tədbirlər görülüb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, ərazidə kanalizasiya xəttində baş vermiş çökmə ilə əlaqədar müvafiq bərpa işləri həyata keçirilib:
"Hazırda kanalizasiya xəttində yaranmış problem tam aradan qaldırılıb. Yaxın günlərdə ərazidə asfalt örtüyünün bərpası işlərinin aparılması nəzərdə tutulur".