Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sumqayıtda oğurlanmış körpə tapıldı
Bu il avqustun 13-də Sumqayıtda oğurlanmış iki aylıq körpə tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə lent.az-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, körpə Binəqədi rayonu ərazisində tapılıb.
Binəqədi rayon Polis İdarəsindən də lent.az-a körpənin tapılması faktı təsdiqlənib. Bildirilib ki, Binəqədi və Sumqayıt polisinin birgə əməliyyatı nəticəsində körpənin saxlanıldığı yer müəyyənləşdirilib, onu ogurlayan qadın saxlanılıb.
Qadın polisə ilkin ifadəsində körpəni oğurlamasını uşağı olmaması ilə əlaqələndirib: “Uşaq saxlamaq istəyirdim. Ona görə də körpəni qaçırdım”.
Qeyd edək ki, avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədova yaşadığı ərazidə evinə gələn və ona yardım etmək istədiyini deyən qadınla birlikdə iki aylıq körpəsini və digər iki uşağını da götürərək yaxınlıqdakı parka gedib.
A.Əhmədova digər uşaqlarını parkdakı atraksionlarda gəzdirmək üçün körpəni qadına həvalə edib. O isə fürsətdən istifadə edərək, körpəni qaçırıb.