Azərbaycanın mədəniyyət paytaxtı Şuşada restavrasiya-bərpa işləri aparılır. Bura nəhayət ki, dinc həyat qayıdıb, uşaqların gülüş səsləri eşidilir – onlar şəhərin ilk sakinləridir.
Media.Az Şuşanın ilk sakinlərindən biri, üç gözəl uşağın anası İlhamə İbrahimova ilə söhbət edib:
- Həyat yoldaşım və uşaqlarla birlikdə Şuşaya bir neçə aydır gəlmişəm. Burada olduğum üçün keçirdiyim hisləri çatdıra bilmərəm. Başa düşürsünüz, bura mənim valideynlərimin vətənidir. Şəhər işğal olunanda mən hələ ana bətnindəydim, buna görə də bu gözəlliklərdən zövq almaq imkanım olmamışdı. Ancaq mən bütün ömrüm boyu doğmalarımın Şuşada keçirdiyi gözəl günlər haqqında danışdığı hekayələri eşitmişəm, yenidən bu torpaqlarda olmağı arzulamışam...
- Həmin hekayələri bizimlə də bölüşün...
- Onlar o qədərdir ki, hər biri şəhərin ən əhəmiyyətli yerlərinin tarixi barədədir: Şuşa qalası, məscidlər, burada hansı bayramların keçirilməsi, bu mədəniyyət tədbirlərinə nə qədər insanların gəlməsi barədə bir çox şey.
- Bəs valideynlərinizin evi salamat qalıb?
- Xeyr, ermənilər onu yerlə-yeksan ediblər. Ancaq mən ümid edirəm ki, bütün şuşalıların geri qayıdacağı və bütün arzularımızın həyata keçəcəyi vaxt gəlib çatacaq, uşaqlıq və gəncliyimdə eşitdiyim bütün hekayələr yenidən reallığa çevriləcək.
FOTO: Ramil Zeynalov