“Tağı müəllim sıradan, sadə adamdır. Onun səhhəti ilə bağlı xəbərlərin yayılmasını istəmirəm”.
AzVision.az xəbər verir ki, bunu Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli deyib. O bildirib ki, sabiq rəisin səhhəti yaxşıdır, heç kim narahat olmasın.
“Jurnalistlərə hörmətim var. Ancaq nəzərə alın ki, Tağı müəllim sadə adamdır. Onun səhhəti ilə bağlı xəbərlərin yayılmasını istəmirəm. Belə şeylərin yazılmasını jurnalistlərə yaraşdırmıram”.
Qeyd edək ki, bir müddət əvvəl mediada T.Əhmədovun səhhətinin pis olması xəbəri yayılmışdı. Həkimlər ona onurğa-beyin iltihabı diaqnozu qoyublar. O, özü jurnalistlərə açıqlamalarında uzun müddət şəkər xəstəliyindən əziyyət çəkdiyini, yeriyə bilmədiyini demişdi.
T.Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994 illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib.
1998-ci ildə Bakı Metropoliteninin rəisi təyin edilib. 16 il bu vəzifədə çalışan T.Əhmədov 27 fevral 2014 tarixində işdən çıxarılıb.
Bakı Metropolitenindəki rəhbər vəzifəni itirəndən sonra Tağı Əhmədov uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri vəzifəsini icra edib.
YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında bu vəzifədən də azad edilib. Əvəzində YAP onu partiyanın Veteranlar Şurasına üzv seçib.
Texnika elmləri namizədi alimlik dərəcəsi olan Tağı Əhmədov 2 dərslik və 5 dərs vəsaiti, 6 metodik vəsaitin müəllifidir.
O, “Əməkdar mühəndis” fəxri adı, “Şöhrət” ordeni ilə təltif olunub. Bundan başqa ona “Fəxri dəmiryolçu”, “Bakı metropoliteni veteranı” döş nişanları da verilib.
2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.
O, Tağı Sadiq imzası ilə şeirlər yazıb. T. Əhmədovun “Qısqanıram”, “Dilin dediyini ürəyim demir”, “Olaydı”, “Ceyranım”, “Odlanıram mən”, “Gözləməsin” kimi şeirlərinə mahnılar yazılıb, kliplər çəkilib. “Boş şeydir məhəbbət”, “Göz yaşına dözmək olmur” adlı şeirlərə meyxanalar da bəstələnib.
Tağı Əhmədov evlidir, 2 övlad atasıdır: böyük oğlu məhkəmə, kiçik oğlu Xarici İşlər Nazirliyi sistemində çalışır.