Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tarixi memarlıq abidəsi olan doğum evinə təmir işləri aparılacaq - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO
Bakının Səbail rayonunda tarixi memarlıq abidəsi kimi qeydiyyatda olan doğum evində təmir işləri aparılacaq.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması məqsədilə 06.06.2023-cü il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun 50-1.1-ci maddəsinə əsasən dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) açıq tenderin keçirilməsi barədə elan verilib:
“Qeyd edək ki, ilkin olaraq əsaslı təmir işlərinə başlanılması məqsədilə sözügedən tibb müəssisəsinin əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması üzrə elektron satınalma müsabiqəsi keçirilib. Müsabiqənin nəticəsinə əsasən, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığı (lisenziya) olan layihəçi tərəfindən sözügedən tibb müəssisəsinin layihə-smeta sənədləri hazırlanıb. Layihə-smeta sənədlərinin tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə layihələr Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə (Ekspertiza müəssisəsi) təqdim edilmiş və tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanıb”.
Agentlikdən əlavə edilib ki, təsdiq edilmiş layihə sənədlərinə əsasən binanın xarici görünüşünə xələl gətirilməməklə obyektin istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulub.
16:51
Bakının Səbail rayonunda tarixi memarlıq abidəsi kimi qeydiyyatda olan doğum evinə qanunsuz müdaxilə ilə bağlı daha bir açıqlama verilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmisi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin söküləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur. Tarixi tiklinin damında və yararsız hala düşmüş hissələrində təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür. Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaq”.
11:08
Bakının Səbail rayonunda tarixi memarlıq abidəsi kimi qeydiyyatda olan doğum evinə qanunsuz müdaxilə olunub.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin damına və mərtəbələrinə qanunsuz müdaxilə edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi, 93 ünvanında yerləşən 1930-cu ilə aid, inventar nömrəsi 3311 olan yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilib:
“Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansındadır. TƏBİB-in sifarişi ilə binada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Binaya baxış zamanı müvafiq xəbərdarlıq edilib, binanın dam və mərtəbələrində aparılan yenidənqurma işləri dayandırılıb”.
Qeyd edək ki, bina II Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi istifadə edilib. II Dünya müharibəsi dövründə bina təxliyə hospitalı kimi istifadə olunmağa başlayıb. 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilərək Nadejda Krupskaya adına 5 saylı Doğum Evi kimi tanınıb.
Müstəqillik illərində Nadejda Krupskaya adına 5 saylı Doğum Evinin adı dəyişdirilərək Ş.Ələsgərova adına 5 saylı Doğum Evi olub.
Konstruktivizmin nümunəsi olan bu binanın görkəmli memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun birgə layihəsi əsasında inşa edildiyi bildirilir.
İlhamə Əbülfət
"Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Mədəniyyət Nazirliyinə məxsus klub yanaraq külə dönüb
- Leyla Əliyevanın dəstəyi ilə dünyaca məşhur DJ tərəfindən "Bayatı şiraz" treki hazırlanıb
- "CulTech" inkubasiya proqramı yaradıcı gənclərin inkişafına töhfə verir
- Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub
- "Gənclər və türk dünyası mədəniyyəti" adlı tədbir keçirilib
Rəylər