Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Tədris prosesindən imtina edən müəllimlər MİQ-dən beş il müddətinə məhrum edilməlidirlər” - ŞƏRH +FOTO
Müəllimlərin işə qəbulu imtahanı başa çatıb. Lakin bir çox narazılıqlar həmişə olduğu kimi hələ də qalmaqdadır. Bununla bağlı sosial şəbəkədə müxtəlif məlumatlar var.
Maraqlıdır ki, müəllimlər arasında MİQ üzrə qeydiyyatdan keçib, imtahanda iştirak etməyənlər var. Əlbəttə, imtahanı uğurla başa vuran müəllimlər daha çoxdurlar, lakin... Bəzi müəllimlər seçim mərhələsində iştirak etsələr də, daha sonra həmin məktəblərdə dərs deməyə getmirlər. Bu halın hər il yaşandığını qeyd edirlər. Bununla da həm məktəb kadrsız qalır, həm də dövlət vəsaiti boşuna gedir. Uşaqlara da qeyri-ixtisas fənn müəllimləri həmin dərsi tədris edirlər. Bu azmış kimi, bir çox müəllim olmaq istəyən şəxs boş yer qalmadığı üçün şansını itirir.
Bəs görəsən, bu cür namizədlərə qarşı daha sərt tədbirlər görülə bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bu cür hallarla daha çox üzləşdiyini qeyd edib:
“Həqiqətən də bu cür hallarla biz tez-tez rastlaşırıq. Bir neçə il öncə biz rayonlardan birində monitorinqdə olduq. Gördük ki, bir məktəbdə üç əsas fəndən - fizika, kimya və biologiya fənlərindən müəllim çatışmazlığı var. Dərs boş qalmasın deyə, həmin fənləri qeyri-ixtisas müəllimləri tədris edirlər. Burada keyfiyyətdən söhbət gedə bilməz. Çünki ixtisaslı müəllimin keçdiyi keyfiyyətlə qeyri-ixtisas müəlliminin tədris etdiyi dərs eyni ola bilməz.
Araşdırma apardıq. Məlum oldu ki, həmin məktəb üçün vakansiya elan edilib. MİQ nəticələrinə uyğun təyin olunan müəllimlər məktəbdə bir ay işlədikdən sonra rayonu tərk ediblər”.
Ekspert tədris prosesindən imtina etmiş müəllimlərin növbəti ildə keçirilən MİQ imtahanında iştirakdan məhrum olduğunu bildirib:
“Elm və Təhsil Nazirliyi doğru olanı edib. Tədris prosesindən imtina edən müəllimlər qara siyahıya düşürlər. Onlar növbəti illərdə MİQ imtahanında iştirakdan məhrum olurlar. Başqa yol yoxdur. Nazirlik nə mümkündürsə, onu edir. Maarifləndirmə işi aparmaq lazımdır. Başqa cəza mexanizmi yoxdur. Ən sivili elə budur. Gənc müəllimlərə üz tutmaq lazımdır ki, “siz imtina etdiyiniz üçün bu hallar yaşanır. Uşaqlar keyfiyyətsiz dərs keçirlər”.
“Bütün hallarda mən fikirləşirəm ki, cəza sərtləşdirilə bilər. Onlar MİQ imtahanından 5 il məhrum olunmalıdırlar. Bəlkə o zaman qarşısı alınar. Hər il vakansiyaya çıxarılanda yerlərin boş qalmasının səbəbi budur”, - deyə İ.Orucov əlavə edib.
İ.Orucov məktəbdə bir fənn müəlliminin olmamasının tədris keyfiyyətinə təsir göstərən əsas faktor olduğunu bildirib:
“Tədrisdən imtina edən bir çox müəllimlərə sual vermişəm. Deyiblər ki, “ bu qədər dərs saatına görə, Bakıdan gəlmək mənə sərf etmir”. Lakin dərs saatı ilə bağlı da qaydalar var. Dərs saatı az olan müəllim qonşu məktəblərdə də dərslə təmin olunur. İlkin başlanğıc üçün əla şansdır. Bundan gözəl motivasiya yoxdur. Biz hər il bu kimi hallarla rastlaşırıq. Az da deyil. Kifayət qədər çoxdur. Burada insan məsuliyyətindən söhbət gedir.
Başa düşmür ki, nə qədər şagird tədrisdən məhrum olur. Başqa həmkarları da vakansiya dolduğu üçün çöldə qalır. Bu xoşagəlməz hallar ilə nə qədər mübarizə aparsaq da davam edir. Qarşısını almaq lazımdır. Bir məktəbdə bir fənn müəlliminin olmaması tədris keyfiyyətinə ciddi təsir göstərən əsas faktordur”.
Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, qeydiyyatdan keçib, imtahanda iştirak edən müəllim digər mərhələlərə də ciddi yanaşmalıdır:
“Qeydiyyatdan keçib, gəlməmək özü düzgün addım deyil. Bunu edən insan yekunda başqaları üçün də müəyyən problem yarada bilər. İnsanların özündə məsuliyyət olmalıdır. Geniş maarifləndirmə təbliğat işi aparmalıyıq. Müəllimlər bilməlidirlər ki, belə addımlar atmaq olmaz. Mümkün deyil.
Belə addımların atılması, yanaşma təhsilimizə zərər vurur. Xələl gətirir. Müəllimlər belə məsələlərdə ciddi olmalıdırlar. Müəllimlər öz əməlləri və yanaşmaları ilə hər kəsə nümunə olmalıdırlar. Birmənalı şəkildə bu addım yolverilməzdir. Müəllim adını daşıyacaq hər bir şəxs məsələyə həssas yanaşmalıdır”.
Nəzrin Vahid
"Ceyhun Məmmədov" teqi üzrə xəbərlər
- "Sənəd dövründən sənət dövrünə keçirik" - Diplomsuzlar diplomlu kadrların haqqına girirlər?
- 1500-dən çox məktəb bağlanacaq? - NAZİRDƏN AÇIQLAMA
- Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur
- Deputat: "Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır"
- Deputat elmi dərəcələrə görə verilən vəsaitin artırılmasını təklif edib
Rəylər