Bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, tədbirdə çıxış edən agentliyin sədri Qoşqar Təhməzli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək olub.
O bildirib ki, məktəblilər sağlam qidalanma ilə bağlı düşüncələrini rəsm əsəri vasitəsilə ifadə ediblər.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, həm paytaxt, həm də digər regionlardan müsabiqəyə rəsm əsərləri təqdim olunub.
Məktəblilər tərəfindən müsabiqəyə 2000-dən çox əl işi təqdim edilib.
Rəsm əsərlərində məktəblilər sağlam qidalanma, enerji içkilərinin zərərləri, süd və süd məhsullarının faydaları, qida zəhərlənmələri kimi mövzulara daha çox diqqət ayırıblar.
Sonda müsabiqənin qalibləri sərgidə elan edilib, qalib və iştirakçılara müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatlar təqdim edilib.
İlhamə Əbülfət