“Sabahın alimi” müsabiqəsinin iştirakçısı olan, amma müsabiqədə qalibiyyət qazana bilməyən 11-ci sinif şagirdi Əminə Əmirxanlının layihəsinin müsabiqədən uzaqlaşdırılmasında yeni faktlar ortaya çıxıb. Elmi müsabiqədən kənarlaşdırılan yeniyetməyə, elmi yeniliyinin plagiat olduğu deyilib.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Əminənin Lissabon texniki universitetində çalışan elmi rəhbəri Kamran Mahmudov yeniliyin plagiat olmadığını və bunu münsiflər heyətinə sübut edə biləcəyini deməsi, layihəyə yenidən baxılmasına zərurət yaratdı.
“Sabahın alimi” müsabiqəsinin alimlərdən ibarət münsiflər heyəti Əminə Əmirxanlının layihəsini onun elmi rəhbəri ilə birlikdə müzakirə ediblər. Müzakirələr nəticəsində məlum olub ki, ingilis və azərbaycan dillərində yayılan layihənin ana dilimizdə olan versiyasında bəzi çatışmazlıqlar var. Yəni ingilis dili variantında istinad mənbəyi olan ədəbiyyat siyahısı göstərilsə də, Azərbaycan dilində yazılan versiyasında istinad mənbələri dəqiq göstərilməyib.
Təhsil üzrə ekspert Şahlar Əsgərov hesab edir ki, elm faktlara əsaslanır və bu səbəbdən sabahın aliminə bu faktlar izah olunmalı idi. Əks halda o, elmi yeniliklər etmək üçün həvəsdən düşə bilər.
“Biz şərait yaratmalıyıq, gənclərə yol göstərməliyik, səhvi də elə demək lazımdır ki, onun qəlbinə toxunmasın. O, elm ardıyca getməyi mənasız hesab etməsin”.
Münsiflər heyətinin üzvlərindən biri olan Elmlər Akademiyasının Neft Kimya Problemləri İnstitutunun direktoru Vaqif Abbasov isə bildirir ki, Əminə təhsil nazirliyinə dəvət olunaraq, ona layihəsinin plagiat adlandırılmasına şərait yaradan səhvləri izah edəcəklər. Amma bir şagirdin bu elmi yeniliyi, yaşlı alimlərimizin diqqətsizliyi ucbatından kənarda qalır. Bunun məsuliyyətini kimin daşıyacağı isə hələlik bəlli deyil.