Azərbaycan Rəssamlıq Akademiyasının (ARA) bəzi tədris otaqlarına su axır.
Oxu.Az-a bununla bağlı şikayət daxil olub.
Müraciətdə qeyd olunur ki, akademiyanın tədris otaqlarının vəziyyəti ürəkaçan deyil. Şikayətçilərin sözlərinə görə, bu problem artıq illərdir ki, həm akademiyada, həm də onun nəzdində fəaliyyət göstərən Əzim Əzimzadə adına İncəsənət Kollecində müşahidə olunur.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Rəssamlıq Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, auditoriyaya suyun axması akademiyada aparılan işlər zamanı baş verən qəza ilə əlaqədardır:
"Sorğuda təqdim olunan görüntü ilə bağlı bildiririk ki, 6 noyabr 2026-cı il tarixindən etibarən Azərbaycan Rəssamlıq Akademiyasında internet şəbəkəsinin yenilənməsi istiqamətində işlərə başlanılıb. Bu zaman xidmət göstərən şirkətin əməkdaşı I korpusun üçüncü mərtəbəsində yerləşən 328 nömrəli auditoriyada istilik sisteminə aid su borusunu dəlici alətlə təsadüfən zədələyib. Nəticədə borudan axan su auditoriyaya dolub və ikinci mərtəbəyə qədər yayılıb.
Baş vermiş hadisə Akademiyanın müvafiq əməkdaşlarının və xidmət göstərən şirkətin nümayəndəsinin iştirakı ilə aktlaşdırılıb. Zədələnmiş boru qısa müddətdə təmir edilərək saz vəziyyətə gətirilib. Hazırda həmin hadisə nəticəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb".
Bəs akademiyada əsaslı təmir nə zaman aparılacaq?
Bu suala cavab olaraq bildirilib ki, uzun müddətdir istismar olunan Akademiyanın tədris binasında sonuncu əsaslı təmir işləri 2010-cu ildə həyata keçirilib:
"Sonrakı dövrdə ayrı-ayrı sahələrdə cari təmir və yenilənmə işləri aparılsa da, binanın əsaslı təmirə ehtiyacı var. Xüsusilə son dövrlərdə yağıntıların intensivliyinin artması nəticəsində binanın yuxarı mərtəbələrində bəzi sahələrdə su sızması halları müşahidə olunur. Əsaslı təmir işləri həyata keçirilənədək mövcud problemlərin təsirlərini minimuma endirmək məqsədilə müvafiq sahələrdə mütəmadi olaraq cari təmir və müvəqqəti qoruyucu tədbirlər görülür.
Binanın əsaslı təmiri ilə bağlı aidiyyəti nazirliyə rəsmi müraciət olunub, müvafiq qurumun nümayəndələri tərəfindən yerində baxış keçirilib. Hazırda 2027-ci ildə binanın dam örtüyünün, suötürücü navalçaların, sanitariya qovşaqlarının və digər zəruri sahələrinin əsaslı təmiri nəzərdə tutulur.
Azərbaycan Rəssamlıq Akademiyası tədris mühitinin yaxşılaşdırılmasını, tələbə və əməkdaşlar üçün təhlükəsiz və əlverişli şəraitin təmin olunmasını prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlayır. Bu istiqamətdə mövcud texniki problemlərin aradan qaldırılması və maddi-texniki bazanın mərhələli şəkildə yenilənməsi istiqamətində işlər davam etdirilir".