Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi ölkədə bir müddət əvvəl fəaliyyətini dayandırmış türk liseyləri kimi tanınan və “Çağ Öyrətim İşlətmələri”nə daxil olan məktəblərin fəaliyyətinin bərpa olunması ilə bağlı bu gün Oxu.Az tərəfindən yayılan məlumatı təkzib edib.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzindən saytımıza daxil olan açıqlamada bildirilir ki, keçmiş türk liseylərinin “Zərifə Əliyeva adına liseylər” kimi yenidən fəaliyyətə başlaması ilə bağlı yayılan məlumat doğru deyil və həqiqəti əks etdirmir.
Qeyd edək ki, bundan əvvəl bu barədə Oxu.Az-a məlumat verən valideynlər, dünən axşam keçmiş Dədə Qorqud Özəl Türk liseyində Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə iclas keçirildiyini, iclasda keçmiş türk liseylərinin fəaliyyətinin bərpa olunacağı və bundan sonra bu məktəblərin Zərifə Əliyeva adına liseylər kimi fəaliyyət göstərəcəyini bildirmişdilər.
11:50
Azərbaycanda bir müddət əvvəl fəaliyyətini dayandırmış türk liseyləri kimi tanınan və “Çağ Öyrətim İşlətmələri”nə daxil olan məktəblərin fəaliyyəti bərpa olunub.
Bu barədə Oxu.Az-a məlumat verən valideynlər bildiriblər ki, dünən axşam keçmiş Dədə Qorqud Özəl Türk liseyində Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Bildirilib ki, keçmiş türk liseylərinin fəaliyyəti bərpa olunacaq və bundan sonra bu məktəblər Zərifə Əliyeva adına liseylər kimi fəaliyyət göstərəcəklər.
Əvvəllər “Çağ Öyrətim İşlətmələri”nə daxil olan Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin müdir müavini Məhiyyədin Hüseynov Oxu.Az-a açıqlamasında yayılan məlumatları təsdiqləyib.
“Bundan sonra tədris müəssisələri Zərifə Əliyeva adına liseylər kimi fəaliyyətini davam etdirəcək. Tədris sistemi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsasnamələri əsasında həyata keçiriləcək. Məktəbdə çalışan müəllimlərin ştatında isə heç bir dəyişiklik yoxdur”.
Qeyd edək ki, valideynlərin bildirdiyinə görə, nazirlik nümayəndələri sentyabrın 12-də onların bir daha iclasa dəvət olunacaqlarını bildiriblər.