Hər il avqustun 13-də beynəlxalq təqvimdə Ümumdünya Orqan Donorluğu Günü qeyd olunur.
Oxu.Az xatırladır ki, günün əsas məqsədi orqan çatışmazlığından əziyyət çəkən insanların problemlərinə diqqət çəkmək, cəmiyyətin bu sahədə məlumatlılığını artırmaq və könüllü donorluğu təşviq etməkdir.
Tibbin sürətli inkişafı nəticəsində orqan və toxuma transplantasiyası minlərlə insanın həyatını xilas etməyə imkan verir. Müasir transplantasiya üsulları böyrək, qaraciyər, ürək və digər həyati vacib orqanların çatışmazlığından əziyyət çəkən xəstələrə sağlamlıqlarını bərpa edərək normal həyata qayıtmaq şansı yaradır.
Mütəxəssislərin fikrincə, dünyada orqan transplantasiyasına ehtiyacı olan insanların sayı ildən-ilə artır. Bu səbəbdən donorların sayının artırılması, tibbi və hüquqi imkanların genişləndirilməsi, həmçinin əhali arasında maarifləndirmə işlərinin aparılması xüsusi əhəmiyyət daşıyır.
Ümumdünya Orqan Donorluğu Günü insan həyatının xilas edilməsində donorluğun əhəmiyyətini bir daha diqqətə çatdırmaqla yanaşı, cəmiyyəti bu məsələyə daha həssas yanaşmağa çağırır.