Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və hüquq" adlı kitabın təqdimat mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, daxili işlər nazirinin müavini İsmət Əliyev, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, həmçinin dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekspertlər və digər aidiyyəti şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, "Azərbaycanda uşaqların hüquq düşüncəsi" adlı tədqiqat işi ölkəmizdə uşaqların hüquqi bilik səviyyəsini, hüquqlara münasibətini, hüquqi davranışlarına təsir göstərən amilləri və mövcud çağırışları öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır:
"Bu tədqiqat bizə yalnız mövcud vəziyyəti qiymətləndirməyə deyil, həm də gələcək fəaliyyət istiqamətlərini daha dəqiq müəyyənləşdirməyə imkan verir.
Eyni zamanda, "Uşaqlar və hüquq" kitabı uşaqlara hüquqi bilikləri sadə, anlaşıqlı və gündəlik həyat nümunələri əsasında çatdırmaq məqsədi daşıyır.
Kitabın əsas üstünlüyü ondadır ki, o, hüququ yalnız nəzəri anlayış kimi deyil, uşaqların gündəlik davranış və seçimləri ilə bağlı praktik bir dəyər kimi təqdim edir.
Bu nəşr uşaqlarda ədalət hissinin, məsuliyyət duyğusunun və hüquqi davranış vərdişlərinin formalaşmasına mühüm töhfə verəcək".
Tədbirdə çıxış edən digər şəxslər də kitabın əhəmiyyətindən bəhs edib, ölkədə uşaq hüquqlarının vacibliyindən, orta məktəblərdə uşaqların tərbiyəsi və təhlükəsizliyi ilə bağlı görülən tədbirlərdən danışıblar.
Bildirilib ki, kitabın hazırlanmasında əsas məqsəd uşaqları hüquq və vəzifələri barədə məlumatlandırmaq, hüquqların təmin olunmasında ailənin, məktəbin və dövlətin üzərinə düşən öhdəliklərlə onları tanış etmək, hüquqlarından daha səmərəli istifadəyə və vəzifələrinə məsuliyyətlə yanaşmağa sövq etməkdir.
Kitab hazırlanarkən uşaqların yaş xüsusiyyətləri, maraqları və anlama səviyyələri nəzərə alınıb, hüquqi biliklər bədii və həyatla bağlı kiçik hekayələr (kazuslar) vasitəsilə təqdim olunub.
Tədqiqatın əsas məqsədi Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsinin mövcud vəziyyətini hərtərəfli təhlil etmək, ona təsir edən amilləri müəyyənləşdirmək və bu sahədə mövcud boşluqları aradan qaldırmaq üçün əsaslı tövsiyələr hazırlamaqdır.