Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Uşaqlarını qumbara ilə partladaraq öldürmək istəyən şəxsin işi məhkəməyə göndərildi
Bakıda uşaqlarını qumbara partladaraq öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 12-nə təyin edilib.
Zərərçəkmiş qismində təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı, oğlu, qızı və qayınanası tanınırlar.
Qeyd edək ki, bu il avqustun 23-ü gecə saat 03 radələrində paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində əl qumbarasının partladılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
1983-cü il təvəllüdlü İntizam Nəcəfov keçmiş arvadının anası və uşaqları ilə birlikdə yaşadıqları evə gəlib onları öldürməklə hədələyib, döyüşə hazır vəziyyətə gətirdiyi əl qumbarasını evin həyətinə atıb. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onunla profilaktik söhbət aparan zaman yenidən əvvəlcədən əlində hazır vəziyyətdə olan qumbaranı həyətə ataraq partladıb.
Baş vermiş hadisə ilə bağlı xəsarət alan olmayıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.