Uşaqlar barəsində dövlət siyasətinin məqsədləri müəyyənləşir.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında" Qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, uşaqlar barəsində dövlət siyasətinin məqsədləri aşağıdakılardır:
- uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması;
- uşaqların hüquq və azadlıqlarının müdafiəsi üçün institusional mexanizmlərin yaradılması, onların pozulmuş hüquqlarının bərpası;
- uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi və bütün uşaqlar üçün bərabər imkanların yaradılması;
- çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi;
- uşaqların fiziki, əqli, mənəvi və əxlaqi inkişafı, onların vətənpərvərlik, vətəndaşlıq, sülhpərvərlik, milli adət və ənənələrə hörmət ruhunda tərbiyə olunması;
- uşaqlarda hüquq mədəniyyətinin formalaşdırılması;
- uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması.
Bundan başqa, layihədə uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri də əksini tapıb:
- uşaqların hüquq və azadlıqlarının müdafiəsinə dair normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;
- uşaqların mənafelərinin üstünlüyü prinsipindən irəli gələrək dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət büdcəsinin proqnozlaşdırılması;
- uşaq hüquqlarının təmin edilməsi sahəsində dövlət proqramlarının və bu kimi digər sənədlərin işlənib hazırlanması və həyata keçirilməsi zamanı bu tədbirlərin uşaqların hüquqi vəziyyətinə təsirinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi;
- uşaqların hüquq və azadlıqlarının müdafiəsini təmin edən dövlət orqanlarının (qurumlarının), təhsil, tibb, sosial xidmət müəssisələrinin təsis edilməsi, uşaqların inkişafı və asudə vaxtının təşkili üzrə infrastrukturun yaradılması və təkmilləşdirilməsi;
- sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların sosial xidmət müəssisələrindən ailələrinə qaytarılması, qəyyumluğa (himayəyə), himayədar ailəyə verilməsi və ya övladlığa götürülməsi, eləcə də onların sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və həmin müəssisələrdə olan uşaqların fərdi inkişafının təmin edilməsi;
- təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlarla müntəzəm təmasda olan şəxslərin (mütəxəssislərin) peşəkarlığının təmin edilməsi;
- uşaqlara qarşı ayrı-seçkiliyin, zorakılığın bütün formalarının və erkən evliliyin qarşısının alınması;
- uşaqların hüquq və azadlıqlarını, habelə qanuni mənafelərini pozan, onlara zərər vuran şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması;
- uşaqların hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.
Məlik Məlikov