Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vahid Əhmədov: "Deputatın qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq?"
"Qaldırdığım məsələlər öz həllini tapmır. Əgər millət vəkilinin qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq? Müharibə veteranlarına verilən 80 manat müavinətdən danışmaq istərdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi millət vəkillərinin qaldırdığı məsələyə belə prinsip qoyaraq 80 manatı dəyişmək istəmir. Burada məqsəd nədən ibarətdir?!"
"Qafqazinfo" xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Millət vəkili bildirib ki, 182 minə yaxın müharibə veteranı var:
"Demirik ki, həmin müavinəti bu dəqiqə 300-345 manat edin. 20 və ya 40 manat artırın. İnsanlar bilsin ki, bu məsələ öz həllini tapır. Amma prinsipial mövqe göstərirsiniz ki, yox, bu həll olunmur. İyirmi manat artırsanız, ayda haradasa 3,5-4 milyon, 40 manat artırsanız 7-8 milyon vəsait lazımdır. Bunu tapmaq mümkün deyil?
Ona görə də məsələlərə toxunmuruq ki, öz həllini tapmır. Məsələ həll olunsa, o barədə danışarıq. Ən çox şikayət etdiyim sahə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Ayda 30-a yaxın məktub göndərirəm. Bu gün də birini verdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi yalnız pensiyaçıların sayını azaltmaq deyil. İlbəil sosial pensiya alanların sayı azalır. Biz bu məsələni qaldırırıqsa, münasibət bildirilməli və bu, öz həllini tapmalıdır. İnsanlarla millət vəkilləri işləyir. Xahiş edirəm ki, 80 manat məsələsi ilə bağlı istər Maliyyə Nazirliyi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsbət addım atsınlar. İnsanlara bununla bağlı cavab verə bilmirik".