Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası ölkədə gündəmin əsas mövzularından biri olaraq qalır. Naxçıvanda yüksək rütbəli məmurların həbsi Ali Məclis sədrinin getməsini zəruri etsə də, bunun belə tezliklə baş verəcəyi az ehtimal olunurdu.
Xatırladaq ki, Naxçıvan Ali Məclisinin mətbuat xidməti Vasif Talıbovun istefasının səbəbinin onun səhhətində yaranmış problemlə əlaqədar olduğunu bildirib.
Bu məlumat ictimaiyyət tərəfindən inandırıcı qəbul olunmasa da, Vasif Talıbovun uzun müddətdir şəkərli diabetdən əziyyət çəkdiyi məlumdur. Amma məlumatlara görə, onda şəkərin miqdarı yüksək olmayıb. O, qida rejiminə əməl etməklə uzun illər ərzində eyni çəkidə qalmağı bacarıb.
Dünən istefa verdikdən sonra isə Vasif Talıbovun və onun oğlu Seymur Talıbovun səhhətinin gecə saatlarında qəfil pisləşdiyi iddia edilir.
“AzPolitika.info” xəbər verir ki, mərkəzdən Talıbovun evinə həkimlər göndərilib. Bundan bir neçə saat sonra, səhərə yaxın isə onun oğlu Seymurun vəziyyətinin də pisləşdiyi bildirilir.
“Həkimlərin müayinəsindən sonra Seymur Talıbovun kiçik infarkt keçirdiyi müəyyən olunub” - deyə, məlumatda vurğulanır.
Ancaq rəsmi mənbələr tərəfindən bu məlumatlar təsdiqlənməyib.
Rəylər