Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vərəsələrinə ödəmələr veriləcək şəhid hərbçilərin siyahısı dərc ediləcək
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yaradılmış komissiyanın növbəti iclası olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fərmanın şəhid ailələrinin sosial müdafiəsində mühüm addım olduğunu qeyd edib.
O, Fərmanın icrasının tam şəffaf, vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə yerinə yetirilməsi üçün komissiya tərəfindən ötən dövrdə aparılan işlər haqqında məlumat verib. Nazir vurğulayıb ki, ƏƏSMN-in müəyyən etdiyi formalara uyğun olaraq, artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim edib.
Hazırda bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri aparılır. Həmin işlərin sentyabr ayında yekunlaşdırılması planlaşdırılır.
Nazir dəqiqləşdirilmiş yekun siyahının gələn ay ərzində nazirliyin rəsmi saytında dərc ediləcəyini deyib. O qeyd edib ki, siyahının dərc edilməsi və vətəndaşların həmin siyahı əsasında vərəsəlik hüquqlarını təsdiq edən sənədləri almaq üçün notariat orqanlarına müraciət etmələri barədə əhalinin kütləvi informasiya vasitələri vasitəsilə geniş məlumatlandırılması təmin olunacaq.
Aidiyyəti elektron sistemlər arasında əlaqə qurulacaq və vətəndaşa həmin vərəsəlik sənədi verildiyi andan (saat və dəqiqə qeyd olunmaqla) o, nazirliyin elektron sistemində növbəyə götürüləcək. Yəni növbəliliyin tərtibi prosesində insan faktoru iştirak etməyəcək, bu, elektron qaydada, tam obyektiv şəkildə həyata keçiriləcək. Birdəfəlik ödənişlər də məhz növbəlilik əsasında həyata keçiriləcək.
İclasda həmçinin komissiyanın qarşısında duran vəzifələrin icrası, müvafiq siyahılar əsasında dəqiqləşdirilmiş yekun siyahının tərtibi məsələləri müzakirə olunub.
"Azərbaycan" teqi üzrə xəbərlər
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
Rəylər