Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Azercell" səkinin zəbt edilməsi ilə bağlı iddiaya aydınlıq gətirdi
"Azercell"in Mətbuat Xidməti Ceyhun Hacıbəyli və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yerləşən, vətəndaşları narazı salan avadanlıq ilə bağlı redaksiyamıza daxil olan şikayətə reaksiya verib.
Qurumdan Oxu.Az-a bildirilib ki, Ceyhun Hacıbəyli küçəsində yerləşən avadanlıq "Azercell"in səyyar radio-baza stansiyasıdır:
"Ərazidə aparılan təmir-tikinti işləri ilə əlaqədar mobil rabitə xidmətlərinin fasiləsizliyini təmin etmək məqsədilə stansiya həmin yerdə müvəqqəti olaraq fəaliyyət göstərir".
Əlavə olunub ki, hazırda həmin ərazidə mobil rabitə şəbəkəsinin keyfiyyətli fəaliyyətini təmin edəcək radio-baza stansiyasının quraşdırılması üçün alternativ məkan müəyyən edilib və yaxın zamanda zəruri işlərin görülməsi planlaşdırılır:
"İndiyə qədər qeyd olunan avadanlığın yolu məhdudlaşdırdığına, sakinlər üçün maneə və ya narahatlıq yaratdığına dair şirkətimizə hər hansı müraciət daxil olmayıb".
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yerləşən Azərbaycan Universiteti və "Azercell Telekom" MMC-yə məxsus avadanlıq ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Oxu.Az-a danışan sakin Murad İsayev qeyd edib ki, universitetin adının yazıldığı banner və "Azercell"in avadanlığı vətəndaşların hərəkət etdiyi səkini zəbt edib.
Azərbaycan Universitetinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, həmin banner uzun müddətdir oradadır:
"Bəli, banner binaya girişin sağ tərəfindədir. Biz 2017-ci ilin yayından bu binada fəaliyyət göstəririk. Həmin banner bizdən əvvəl də orada olub. Universitetə indiyə qədər qeyd olunan bannerin ərazini məhdudlaşdırdığına, sakinlər üçün narahatlıq yaratdığına dair hər hansı vətəndaş müraciəti, yaxud şikayət, o cümlədən aidiyyəti dövlət qurumlarından hər hansı xəbərdarlıq daxil olmayıb.
Hesab edirik ki, bu da ərazinin şəkildə görünməyən hissəsi - yandakı binanın parklanma yerinin çıxışı ilə əlaqədardır".
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti isə sorğumuza belə cavab verib:
"Piyada səkiləri şəhər infrastrukturunun ayrılmaz hissəsidir. Son illərdə bu sahədə xeyli işlər görülsə də, hələ də bəzi nöqsanlar mövcuddur.
Bakı Şəhər İcra Hakimiyyətində piyada səkilərinin salınması zamanı ərazinin xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı xüsusi proqram hazırlanır. Fiziki məhdudiyyətləri olan şəxslər, uşaq arabaları üçün müyəssər səkilər salınır, bəzi yerlərdə isə maneələr aradan qaldırılır. Həmçinin mümkün olan yerlərdə piyada səkilərinin üzərində tikilmiş maneələrin sökülməsi nəzərdə tutulub.
Bununla yanaşı, nəzərə alınmalı digər bir məqam da var: piyada səkilərinin genişləndirilməsi və yenilənməsi zamanı sahibkarlıq subyektlərinin hüquqları qorunmalıdır. Şəhərin inkişafı və vətəndaşların rahatlığı arasında balansın qorunması əsas prioritetlərdən biridir".
Qeyd edək ki, məsələ ilə bağlı "Azercell Telekom" MMC-yə sorğu ünvanlanıb.
Məhərrəm Əliyev
"Azercell" teqi üzrə xəbərlər
- "Google" əməkdaşı məktəblilərimizə master-klas keçdi
- Bakıda ev qiymətinə telefon nömrələri satışa çıxarılır
- "Azercell" tətbiqinə yeni "Qonaq Girişi" funksiyası əlavə olundu
- "Azercell" tətbiqində abunəçilərə özəl təkliflər
- "Azercell" süni zəka texnologiyasına əsaslanan "AI Chat Bot" xidmətini təqdim edib