Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilən qaydalara əsasən, dini təyinatlı mallar, audio və video materiallar, eləcə də dini məzmunlu digər məlumat materialları fiziki şəxslər tərəfindən gömrük sərhədindən sadələşdirilmiş qaydada keçirilə bilər:
"Bunun üçün həmin materialların keçirilməsi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilməlidir".
Qeyd edək ki, sözügedən qaydalar fiziki şəxslər tərəfindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.