Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə direktor müavinləri təyin olunublar.
Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, Əhsən Yusifov Suraxanı Tibb Mərkəzinin direktorunun müavini, Turanə Rüstəmova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri, İlqar Əliyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri, Vüsal Sədrayev Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, Suraxanı Tibb Mərkəzinin direktorunun müavini vəzifəsinə təyin edilən Əhsən Yusifov ixtisasca həkim-anestezioloq-reanimatoloqdur. O, yeni təyinatadək özəl tibb müəssisələrin birində baş həkim vəzifəsində çalışıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri Turanə Rüstəmova yeni təyinatınadək eyni tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinin müdiri, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri İlqar Əliyev isə yeni təyinatadək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nəzdində olan hospitallarda həkim-endoskopik, hospital rəisi kimi fəaliyyət göstərib.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini vəzifəsinə təyin edilən Vüsal Sədrayev yeni təyinatadək Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.