Türkiyənin "TRT Haber" agentliyində avqustun 2-də Azərbaycan qazının Türkiyənin Kilis vilayəti vasitəsilə Suriyaya nəqlinə dair material dərc edilib.
Oxu.Az xəbər verir ki, məlumatda gündəlik ötürmə qabiliyyəti 6 milyon kubmetr olan boru kəməri ilə təbii qazın ixracına avqustun 2-dən başlanılacağı qeyd olunub.
"Bu kəmərlə nəql olunan qazın həcmi ildə 2 milyard kubmetrə çatacaq. Bu qaz Hələbdəki təbii qaz elektrik stansiyasında elektrik enerjisi istehsal etmək üçün istifadə olunacaq və təxminən 1 200 meqavat elektrik enerjisinə çevriləcək. Bu, Suriyada istehsal olunan elektrik enerjisini təxminən iki dəfə artıracaq. Bu dəstək Suriyada mövcud 3-4 saatlıq elektrik enerjisini gündə 10 saata çatdıracaq", - yazıda qeyd olunub.
Yazıda Azərbaycan və Qətərin Suriyada enerji böhranının aradan qaldırılmasına verdiyi töhfələr barədə danışan Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın sözlərinə istinad olunub.
Türkiyəli nazir qeyd edib ki, 900 meqavat elektrik enerjisi Suriyaya çatacaq və 1.6 milyon suriyalı abonent elektrik enerjisi ilə təmin ediləcək.
Məlumatda qeyd olunub ki, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi ölkənin enerji infrastrukturuna ciddi ziyan vurub. Elektrik enerjisi istehsalı obyektlərinə, ötürücü xətlərə və təbii qaz infrastrukturuna xüsusilə ciddi ziyan dəyib, bir çox rayonlarda gündəlik elektrik enerjisinin verilməsi 3-4 saatla məhdudlaşıb.