İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Xəlil Şritex Facebook sosial şəbəkəsində istənilən bir istifadəçisinin səhifəsində material yerləşdirməyə imkan verən zəif nöqtə aşkarlayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Xəlil Şritex (Khalil Shreateh) öz sözlərini təsdiqləmək üçün Facebook-un baş direktoru Mark Tsukerberqin səhifəsində məlumat yerləşdirib, TechCrunch yazır.
Facebook istifadəçisi sazlamalarda onun səhifəsində kimlərin material yerləşdirə biləcəyini göstərə bilər – yalnız o özü, dostları yaxud da bütün sosial şəbəkə istifadəçiləri. Mütəxəssisin Facebook-a göndərdiyi ilkin məlumatda o yazıb ki, Tsukerberqin kollecdəki rəfiqəsi Sara Qudinin səhifəsində məlumat yerləşdirə bilər. Sara Qudinin özü isə səhifəsində material yerləşdirə biləcək şəxslərin siyahısını məhdudlaşdırıb, Şritex o siyahıya daxil olmayıb.
Məlumatın gəlib çatdığı Facebook-un təhlükəsizlik komandasının əməkdaşı Qudinin dostları arasında olmadığı üçün xakerin yerləşdirdiyi məlumatı görə bilməyib.
Onda xaker səhvi nümayiş etdirmək üçün Mark Tsukerberqin şəxsi xronikasında belə bir məlumat yerləşdirib:
“Bağışla ki, sənin səhifəndə yazıların məxfiliyini pozdum. Mənim Facebook-un komandasına göndərdiyim bütün məlumatlardan sonra başqa seçimim yox idi”.
Bir neçə dəqiqə ərzində Facebook-un əməkdaşları mütəxəssislə əlaqə saxlayıblar.
Bir qayda olaraq, xakerlər Facebook-dan sosial şəbəkədəki səhvlərin aşkarlanmasına görə ən azı 500 dollar mükafat alırlar.