Xətai rayonunda ağacların gecə saatlarında kəsildiyi iddia edilib.
Bu barədə Cavanşir küçəsi, 116 saylı məktəbin yaxınlığında yaşayan sakinlər Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar.
Bildirilib ki, məktəbin yanındakı parkda tut ağacı gecə saatlarında kəsilib:
“Orada olan adamlar müdaxilə etmək istəsə də, əhəmiyyət verilməyib”.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Araşdırma zamanı sözügedən ərazidə quruyaraq aşmış bir söyüd ağacının Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən gotürüldüyü, iki söyüd və bir tut ağacının isə naməlum şəxslər tərəfindən gövdəsinin üst hissəsindən sərt budanaraq zədələndiyi müəyyən olunub.
“Faktla bağlı akt tərtib edilib, təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Xətai rayon Polis İdarəsinə göndərilməsi üçün hazırlanır”.
İlhamə Əbülfət