Xətaidə qonşunun yolu bağlaması heç kəsin ürəyincə olmayıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, qonşular arasında da mübahisə başlayıb.
Qonşuların bu mübahisəsi artıq bir neçə gündür ki, davam edir. Səbəbsə qonşunun digər qonşuların yolunu bağlamaq istəyidir. Daha dəqiq Xətai rayonu, Aşıq Qurban küçəsində yaşayanlar deyir ki, Şahmar Xıdırov adlı şəxs 3 il bundan əvvəl sözügedən ünvanda məskunlaşıb. 3 gün bundan əvvəl onun yolu kəsərək evinin kənar hissəsindəki ərazini götürərək öz həyətinə qatmaq istəməsi qonşuların ciddi narazılığına səbəb olub.
Əraziyə asfalt da tökülüb, qonşular deyir ki, onsuz da dar olan küçə qonşunun gəlməsindən sonra bir az da ensizləşib.
Artıq küçədən iri maşınların keçməsi müşkül məsələyə çevrilib. Şikayətçilər iddia edir ki, yolun bir hissəsinin də zəbt edilməsi onlar üçün əməlli-başlı problemə çevriləcək. Təcili yardım və yanğınsöndürən maşınları lazım olanda əraziyə daxil ola bilməyəcəklər.
Şahmar Xıdırovun da çıxıb məsələyə münasibət bildirməsi qonşular arasında mübahisəyə səbəb oldu.
Şahmar Xıdırov qonşuların şikayətinin əsassız olduğunu bildirdi.
O yolun kənarında heç bir hasar tikmədiyini və yalnız evinin uçmaması üçün dayaq qoyacağını deyərək əlavə etdi ki, Xətai rayonu İcra Hakimiyyətinə müraciət edəcək:
“Axı mən kiməm ki, dövlətin qayda-qanunları var. Əgər komissiya desə ki, olar, onda mən nəsə edərəm, yox, əgər desələr ki, olmaz onda mən burda heç bir tikinti işi aparmayacağam”.
Hər halda Şahmar Xıdırov bütün qonşuların içərisində söz verdi. İndi ona qalır verdiyi vədə əməl etmək. Əks halda qonşular arasında başlanan bu mübahisə hüquq müstəvisinə kimi gedib çıxa bilər.