Abşeron rayonunun Xırdalan şəhərində yerləşən və Bakı Mühəndislik Universiteti istiqamətinə aparan yolun acınacaqlı vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, yol uzun müddətdir ki, bərbad durumdadır, xüsusilə yağışlı havalarda keçilməz hala düşür, ərazidə isə kəskin üfunət iyi yayılır.
Oxu.Az-ın sorğusuna cavab olaraq Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, Xırdalan şəhərindəki sözügedən - akademik Həsən Əliyev küçəsində bu ilin əvvəlində onlar tərəfindən cari təmir işləri həyata keçirilib:
"Lakin yağan sonuncu intensiv yağışlardan sonra həmin küçənin bir neçə yerindən qrunt sularının aktiv şəkildə fəallaşması müşahidə olunub. Bu səbəbdən də küçənin müəyyən hissələrində yol qatının yuyulması baş verib, ərazidə müxtəlif ölçülü çalalar əmələ gəlib. Tərəfimizdən bu barədə aidiyyatı quruma məlumat verilib və onlar tərəfindən də qrunt sularının səthinin dəyişdirilməsi istiqamətində yaxın günlərdə işlərə başlanılacaq.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir. Akademik Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Belə ki, 1b texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 28 km, hərəkət hissəsinin eni 22.5 m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı 6-dır.
Layihə üzrə müxtəlif (əsasən boş) ərazilərdə hissə-hissə aparılan tikinti işləri "İnşaat Norma və Qaydaları"na əsasən, texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keyfiyyətlə icra olunur.
Ona görə də bu layihə həyata keçirildiyi üçün sözügedən küçənin əsaslı təmiri məqsədəmüvafiq hesab olunmur. Belə ki, 2026-2027-ci illər ərzində həmin yolun yeni, müasir standartlara uyğun formada sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq keçən həftə Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akademik Həsən Əliyev küçəsində yenidən cari təmir işləri aparılıb, karbonat materialı tökülüb. Bundan əlavə asfalt sifariş verilib, yol örtüyü quruduqdan sonra işlərə başlanılacaq".