Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTO
Yeddi yaşlı Qurbanova Aytən Şirin qızı anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Yusifova Ülviyyə Sədaqət qızı məlumat verib.
O bildirib ki, övladı yeriyəndə axsayır:
“Aytənin onurğasında lordoz var (anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır - red.), əməliyyat olunmalıdır.
Qızımın hər iki bud-çanaq oynağına da implant qoyulmalı idi. Sağ ayağı özəl klinikaların birində əməliyyat edildi. 7 min manat pul ödədik. İndi isə digər ayağı əməliyyat edilməlidir. Bunun üçün də bizə 7 min manat pul lazım idi. Həmin puldan 2 min manatı toplamışıq. Geriyə qalan 5 min manatı xalqımızın dəstəyi ilə toplayacağımıza ümid edirik. Hazırda övladım evdə olsa da, çox əziyyət çəkir. Hər iki ayağı sarğıdadır. Həkim oktyabrın 13-də Aytənin digər əməliyyata girməsi üçün bizə vaxt təyin etsə də, biz hələ də o pulu toplaya bilməmişik. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə nömrəsi: 051 866 99 90
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Aytən Qurbanovanın ailə üzvü ilə əlaqə saxlanılıb:
“Valideynin verdiyi məlumata əsasən övladına Baku Medical Plazada anadangəlmə sağ tərəf bud-çanaq oynağının çıxığı əməliyyatı icra olunub. Yaxın zamanda A.Qurbanovaya sol tərəf bud-çanaq oynağı çıxığı əməliyyatının icra olunması nəzərdə tutulub.
Qeyd edək ki, bu diaqnoz üzrə tibbi xidmətin göstərilməsi Xidmətlər Zərfinə daxildir və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində həyata keçirilir. Ailəyə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmək tövsiyə olunub və Agentliyin bu məsələdə dəstək olacağı qeyd olunub. Lakin ailə üzvü imtina edərək əməliyyatın özəl klinikada icra olunmasını istəyib.
Məlumat üçün bildirək ki, sözügedən tibbi xidmət dövlət tibb müəssisəsində həyata keçirildiyi üçün həmin klinikaya göndəriş vərəqəsinin verilməsi nəzərdə tutulmur. Göndəriş vərəqəsinin verilməsi qaydasına əsasən vətəndaşa dövlət tibb müəssisəsində lazımi xidmətin göstərilməsi mümkün olmadığı zaman Agentliyin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir”.
"TƏBİB" teqi üzrə xəbərlər
- Tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan problem aradan qaldırıldı
- Respublika Klinik Xəstəxanasının təmirə bağlanan şöbələri necə fəaliyyət göstərəcək?
- Vüqar Qurbanov: "Tibb müəssisələrinin idarəçiləri yalnız həkimlər olmalı deyil"
- Ölkədə qızılcaya yoluxma halı ilə bağlı vəziyyət necədir?
- Vüqar Qurbanov: "Regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlanıb"
Rəylər