Məktəblərdə müəllimlər üçün yeni tələb onların narazılığına səbəb olub.
Belə ki, kiçik və böyük summativ qiymətləndirmə (KSQ və BSQ) keçirən müəllimlər yoxlamadan sonra imtahan suallarının təhlilini də aparmalıdırlar.
Maraqlıdır, KSQ və BSQ-dən sonra müəllimlərin suallar üzrə təhlil aparması tələbinin əsas məqsədi nədir və bu, tədrisin keyfiyyətinin artırılmasına necə təsir göstərir?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, təhsil prosesində əlavə yüklənmələr həm şagirdlər, həm də müəllimlər üçün müəyyən problemlər yaradır:

"Bu, dərs vaxtının azalmasına səbəb olur. Açığı, auditoriyada dərs keçməyin özü işgəncədir. 25-30 şagirdə 45 dəqiqə ərzində müəyyən informasiyanın ötürülməsi və onların qiymətləndirilməsinin aparılması asan məsələ deyil. Xüsusilə də summativ qiymətləndirmələr zamanı bütün şagirdlərin iştirakı ilə onların müəyyən dövr ərzində qazandıqları bilik və bacarıqlar yoxlanılır. İndi bunun üzərinə müəllimlərdən həmin sualların təhlilini də aparmaq tələb olunur. Şagirdlərin həmin suallara hansı cavabları verməli olduqlarını göstərən modullar hazırlanır. Əlbəttə, bu da müəllim üçün əlavə vaxt itkisi və iş yüküdür.
Bununla bağlı səsləndirilən fikirlərdən biri də odur ki, müəllimlər həmin təhlilə ayırdıqları vaxtı dərs prosesinə sərf edə bilərlər. Lakin düşünürəm ki, bu fikir reallığı tam əks etdirmir. Çünki 25-30 şagirdə 45 dəqiqə ərzində mövzunu tam şəkildə tədris etmək, yaxud hər bir şagirdin qiymətləndirilməsini aparmaq onsuz da kifayət qədər çətindir".
Ekspertin sözlərinə görə, kapitalizm elə bir vəziyyət formalaşdırıb ki, bəzi müəllimlər üçün auditoriyada dərs prosesini tam şəkildə həyata keçirmək də maraqlı olmaya bilər:
"Düzdür, tədrisə vicdanla yanaşan, şagirdlərin öyrənməsinə üstünlük verən pedaqoqlar çoxdur. Amma bütün bunları tədris prosesində tam şəkildə reallaşdırmaq asan deyil.
Ona görə düşünürəm ki, müəllimlərin təhlilə ayırdığı vaxtın dərsə sərf edilməsi ilə bağlı iddia o qədər də əsaslı deyil. Çünki mövcud dərs müddəti ilə tədris proqramını tam çatdırmaq çətindir. Bunun üzərinə əlavə tələblərin qoyulması isə müəllimlərin iş yükünü daha da artırır".