Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müşahidə olunan hava şərait ilə bağlı sürücülərə bir daha müraciət edib.
Oxu.Az xəbər verir ki qurumdan bildirilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən irigövdəli ağac yolun hərəkət hissəsinə aşıb.
Əraziyə cəlb olunan YPX Alayının əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirlər görülür, hərəkətin nizamlanması təmin edilir.
"Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq, sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir", - müraciətdə qeyd olunub.
"Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir".
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir.
"Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbirli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq", - müraciətdə vurğulanıb.